Vakansiyalarda yaş tələbi ilə bağlı işəgötürənlərə XƏBƏRDARLIQ


Vakansiya elanlarında tez-tez qarşılaşdığımız “35 yaşa qədər”, “20-30 yaş arası” kimi tələblər işaxtaran şəxslər arasında ciddi narazılıq doğurur. Xüsusilə təcrübəsi, peşə bacarığı və müvafiq təhsili olan, lakin yaş məhdudiyyətinə görə vakansiyaya müraciət edə bilməyən şəxslər belə yanaşmanın nə dərəcədə qanuni olduğunu sual edirlər.

Bəs işəgötürənlərin yaş məhdudiyyəti qoyması hüquqi baxımdan ayrı-seçkilik hesab olunurmu və bu əmələ görə cərimələr nəzərdə tutulubmu?

Turkustan.az xəbər verir ki, Bizim.Media-nın məsələ ilə bağlı sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, işin xarakteri ilə əlaqəsi olmayan yaş məhdudiyyətinin tətbiqi ayrı-seçkilik kimi qiymətləndirilə bilər.

Dövlət xidmətindən Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad olunaraq qeyd edilib:

“Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, əmək münasibətlərində şəxsin yaşı, habelə işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi və əməyinin nəticələri ilə bağlı olmayan digər amillər əsasında birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsi, eləcə də həmin amillərə görə şəxsin hüquqlarının məhdudlaşdırılması qadağandır. Bu baxımdan, işin xüsusiyyətlərindən və qanunvericiliklə müəyyən edilmiş tələblərdən irəli gəlməyən yaş məhdudiyyətinin işə qəbul zamanı namizədlərə tətbiq edilməsi yaşa görə ayrı-seçkilik kimi qiymətləndirilə bilər”.

Qanunda nəzərdə tutulan istisna hallar…

Müfəttişlikdən həmçinin vurğulanıb ki, qanunvericilikdə ayrı-ayrı kateqoriya şəxslər və işlər üzrə yaşla bağlı xüsusi tələblər də var:

“Əmək Məcəlləsinin 249-cu maddəsinə əsasən, yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Eyni zamanda, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə ilə bağlı qanunvericilikdə xüsusi məhdudiyyətlər müəyyən olunub. Həmçinin dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi qanunvericiliklə 65 yaş təyin edilib. Yəni işə qəbul zamanı yaşla bağlı tələb yalnız qanunvericilikdə nəzərdə tutulduqda və ya görüləcək işin obyektiv xüsusiyyətlərindən irəli gəldikdə tətbiq oluna bilər”.

Vakansiyada yaş həddi yazan işəgötürən cərimələnirmi?

Elanlarda yaş həddi qoyan şirkətlərin cərimələnib-cərimələnməməsi məsələsinə də aydınlıq gətirilib:

“Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, yaşa görə ayrı-seçkiliyə yol verən işəgötürən müvafiq məsuliyyət daşıyır və ayrı-seçkiliyə məruz qalan şəxs hüququnun bərpası üçün məhkəməyə müraciət edə bilər. Lakin yalnız vakansiya elanında yaş həddinin göstərilməsi faktına görə işəgötürən barəsində ayrıca inzibati tənbeh (cərimə) tədbirinin tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Müəssisənin fəaliyyət sahəsi və işin xarakteri nəzərə alınmaqla namizədlərə müvafiq tələblər qoyula bilər, bir şərtlə ki, bu tələblər görüləcək işlə obyektiv şəkildə əsaslandırılsın”.


MANŞET XƏBƏRLƏRİ