Pensiya kapitalı ilə bağlı pis xəbər – nə baş verir?/RƏSMİ CAVAB


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili pensiya kapitalları ilə bağlı yaranan problemə aydınlıq gətirib.

Turkustan.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

“Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib. Bu müvəqqəti dəyişiklikdir və narahatlığa əsas yoxdur. Çünki hazırda işəgötürənlər tərəfindən cari ilin III rübü üzrə sosial sığorta haqlarına dair təqdim olunmuş hesabatların elektron sistemdə emalı prosesi aparılır.

Bu prosesdə vətəndaşların pensiya kapitallarında əks olunan bəzi məlumatlarda müvəqqəti dəyişikliklər müşahidə oluna bilər. Emal prosesinin 11 oktyabr saat 17:00-dək başa çatdırılması gözlənilir. Texniki proses başa çatdıqdan sonra şəxsi kabinetlərdə məlumatlar dəqiqləşdirilmiş hesabatlar əsasında yenilənmiş formada əks olunacaq”, – deyə qurum rəsmisi bildirib.

***

Son günlər bəzi vətəndaşların pensiya kapitalında dəyişikliklərin müşahidə olunması narahatlıq yaradıb. Sosial şəbəkələrdə bununla bağlı paylaşım edən vətəndaşlar yığımlarının azalmasından və ya məlumatların dəyişməsindən narahat olduqlarını bildirirlər. Rəsmi açıqlamada isə bunun işəgötürənlərin sosial sığorta hesabatlarının elektron sistemdə emalı ilə bağlı müvəqqəti hal olduğu qeyd edilib.

Bəs bu dəyişikliklər pensiya kapitalına və gələcək pensiya məbləğinə təsir edə bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, məsələ ilə bağlı hələlik hər hansı rəsmi açıqlama yoxdur:

“Əslində, rəsmi məlumat da, qanunvericilikdə dəyişiklik də yoxdur. Pensiya kapitalının yığım hissəsi və ora köçürmələrlə bağlı qanunvericilikdə heç bir dəyişiklik edilməyib.

natiq ceferli manset 900x509 4

Natiq Cəfərli

Ona görə də belə şayiələrin yaranmasına səbəb olur”.

Natiq Cəfərli qeyd edib ki, yaranmış narahatlığın aradan qaldırılması üçün rəsmi qurumların vətəndaşları əmin edəcək açıqlamalar verməsi məqsədəuyğun olardı:

“Açıqlamalar verilsin ki, yaranmış söz-söhbətə və şayiələrə son qoyulsun. Bir daha təkrar edirəm, bu elə bir sahədir ki, qanunvericiliklə tənzimlənir. Qanunvericilikdə isə heç bir dəyişiklik yoxdur”.


MANŞET XƏBƏRLƏRİ