1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında baş verən fəlakətdən təxminən 40 il keçməsinə baxmayaraq, ətraf mühitə yayılan bəzi radioaktiv yanacaq hissəcikləri ilkin quruluşunu qoruyub saxlayır.
Turkustan.az xəbər verir ki, alimlər bu mikroskopik hissəciklərin radioaktiv maddələrin mənbəyi olaraq qalmağa davam edə biləcəyini bildirirlər.
Leybnits Universitetinin Hannover tədqiqatçıları və Helmholtz-Zentrum Drezden-Rossendorf elmi mərkəzinin alimləri diametri 8–50 mikrometr arasında dəyişən altı radioaktiv hissəciyi araşdırıblar. Nəticələr bəzi hissəciklərin gözləniləndən daha davamlı olduğunu və əsasən ilkin quruluşunu qoruduğunu göstərib.
Tədqiqatın nəticələri “Journal of Hazardous Materials” jurnalında dərc olunub.
Alimlər araşdırmada əldə etdikləri nəticələrin Çernobıldan yayılan yanacaq hissəciklərinin nüvə parçalanması məhsulları və aktinidlər üçün ətraf mühitdə uzun müddət davamlı mənbə rolunu oynadığını göstərdiyini qeyd ediblər.
Tədqiqat radioaktiv hissəciklərin uzunmüddətli davamlılığının ətraf mühitin çirklənməsi baxımından əhəmiyyətini bir daha gündəmə gətirir.
Aytən Yaşar / Turkustan.az