Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Rusiyaya təzyiqi azaltmağın vaxtı olmadığını və İttifaqın Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırdığını bildirib.
Turkustan.az xəbər verir ki, Kallas bu barədə ABŞ-ın “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O, son iki gündə Rusiyanın həyata keçirdiyi hücumlar nəticəsində 80-dən çox Ukrayna vətəndaşının həlak olduğunu qeyd edib.
Kallasın sözlərinə görə, Rusiyanın Avropa İttifaqına üzv dövlətlərə və NATO müttəfiqlərinə qarşı hibrid hücumları da artıb. O, Rusiya dizelinə qarşı sanksiyaların dayandırılmasının Moskvaya müharibəni davam etdirmək üçün əlavə gəlir qazandırdığını iddia edib.
“Rusiyaya təzyiqi azaltmağın vaxtı deyil və Avropa bunu etməyəcək”, – deyə Kallas vurğulayıb.
Ali nümayəndə bildirib ki, Aİ-nin xarici işlər nazirləri oktyabrın 12-də Rusiyanın müharibə aparmaq imkanlarını hədəf alan, müharibənin başlanmasından bəri ən əhatəli sanksiyalar paketini təsdiqləməyi planlaşdırırlar. O, Moskvaya təzyiqin davam etdirilməsinin vacibliyini qeyd edib.
Aytən Yaşar / Turkustan.az