Çin və ABŞ orduları arasında yeni mərhələ: Pekindən açıqlama


Çin Silahlı Qüvvələri ABŞ ordusu ilə dialoqu gücləndirməyə, həmçinin iki ölkənin hərbi qurumları arasında mübadilə və əməkdaşlığı genişləndirməyə hazırdır.

Turkustan.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin sözçüsü Çen Si brifinqdə bildirib.

Onun sözlərinə görə, Çin Silahlı Qüvvələri iki ölkə liderlərinin əldə etdiyi razılaşmaların icrası, ünsiyyət və dialoqun gücləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və fikir ayrılıqlarının məsuliyyətlə idarə olunması istiqamətində ABŞ tərəfi ilə işləməyə hazırdır. Məqsəd iki ölkənin silahlı qüvvələri arasında münasibətlərin sağlam və davamlı inkişafını təmin etməkdir.

Çin Prezidenti Si Cinpin ABŞ-a səfəri zamanı iki ölkənin hərbçiləri arasında daimi dialoqun qorunmasının və böhran vəziyyətlərinin qarşısını almaq üçün effektiv kommunikasiya mexanizmlərinin yaradılmasının vacibliyini vurğulayıb.

Çen Si qeyd edib ki, Çin Müdafiə Nazirliyi qarşılıqlı hörmət, ədalət və qarşılıqlılıq prinsiplərinə əsaslanan, Çin və ABŞ arasında konstruktiv strateji sabitlik münasibətlərinin qurulmasına töhfə verməyə hazırdır.

O, yüksək səviyyəli diplomatiyanın Çin-ABŞ münasibətlərində əsas prinsip olduğunu və iki ölkənin hərbi əlaqələrinin istiqamətinin müəyyənləşdirilməsində aparıcı rol oynadığını bildirib.

Aytən Yaşar / Turkustan.az


MANŞET XƏBƏRLƏRİ