Pensiya kapitalını öncədən almaq olar?


Ölkədə pensiya sistemi ən aktual mövzulardan biridir.

Pensiya yaşının çox olması, pensiya kapitalının toplanması, erkən yaşda pensiyaya çıxma, vətəndaşın ölümündən sonra pensiyanın varislər arasında bölüşdürülməsi kimi məsələlər davamlı olaraq müzakirə olunur. Bu istiqamətdə redaksiyamıza daxil olan müraciətdə isə bildirilir ki, vətəndaşın 60 yaşı var, pensiya yaşına çatmayıb və onkoloji xəstədir.

Pensiya kapitalına toplanmış pulu şərtlər daxilində birdəfəlik istifadə edə bilərmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, başqa ölkələrdə bu proses müqavilələrə bağlıdır və özəl təqaüd fondları da var:

“Burada yalnız xəstələrə və yaxud hansısa problemli şəxslərə yox, hamıya eyni qanun tətbiq olunmalıdır. Hamının pensiya kapitalına çıxış imkanı ya olmalı, ya da olmamalıdır. Azərbaycanda “olmalı deyil” məntiqi ilə gediblər. Bu, qətiyyən doğru deyil. Məsələn, bəzi insanlar ömrü boyu işləyiblər, bəzilərinin hesabında 100-150 min manat vəsait var. Həmin vəsaiti niyə əldə etmək imkanı olmasın? Qanunvericilikdə dəyişiklik olunmalıdır. Burada iki yol var.

Birincisi, minimum yığım hissəsindən artıq olanın götürülməsinə icazə verilməlidir. Bu da çox az vətəndaşı əhatə edə bilər. Yaxud dövlətlə vətəndaş arasında yeni müqavilə mədəniyyəti yaranmalıdır. Hazırda özəl pensiya fondları haqqında qanun layihəsi də hazırlanır. Bu qanun qəbul olunarsa, daha asan olacaq.

Özəl pensiya fondları ilə müqavilə bağlayarkən vətəndaş fərdi qaydada öz şərtlərini qoya bilər. Ancaq bunun üçün 100-ə yaxın qanunvericilik dəyişməlidir. Çünki bir çox qanunlarda minimum ödənişlərin həcmi ilə bağlı DSMF-nin bəndləri var. Ancaq fərdi qaydada olsa, məsələn, özəl pensiya fondu ilə müqavilə bağlasam, neçə manat ödəyəcəyimi seçə biləcəyəm. Çünki gələcəkdə təqaüd alıb-almayacağım, yaxud nə qədər alacağım bunlara bağlı olacaq”.

Ekspertin sözlərinə görə, indiki sistemdə belə deyil:

“Ona görə də bu yalnışdır. Hamının o kapitala çıxış imkanı olmalıdır. Məsələn, 60 yaşa qədər işləmişəm, 100 min kapitalım var, ölkədən köçürəm. Bəlkə mən Amerikaya, Avstraliyaya köçmək istəyirəm. Mən niyə yığdığım vəsati DSMF-də qoymalıyam? İnsanların o vəsaitə çıxış imkanlarının bəlli bir məntiqi və alqoritmi olmalıdır. Burada nəsillərarası dayanışma artıq işləmir.

Əvvəllər belə bir fəlsəfə var idi ki, gənclər işləyib qocaları saxlayır, sonra onlar qocalır, növbəti nəsil gəlib işləyir, DSMF-yə pul ödəyir, onlar da qocaların təqaüdünü ödəyir. Bu yalnışdır. Hər kəs özünə cavabdeh olmalıdır. Məntiqlə DSMF-yə ödənişlərin həcmi, o vəsaitdən istifadə olunma həcmi də vətəndaş və dövlət arasındakı müqavilələrə bağlı olmalıdır. Bu gün hamı DSMF-nin ödəyicisidir, ancaq müqaviləmiz yoxdur, sadəcə bizim məsuliyyətimiz var.

O zaman hüquqlarımız niyə yoxdur? DSMF-nin də cərimələmək, qərar vermək hüququ var, ancaq məsuliyyəti yoxdur. Burada məsuliyyət və səlahiyyət məsələsi fərdi müqavilələrlə tənzimlənməlidir”. Redaksiyamıza olan müraciətlə bağlı sorğumuza cavab olaraq DSMF-dən bildirilib ki, vətəndaşa əlillik təyin olunarsa, ona əlilliyə görə pensiya ödənilə bilər. Bu isə onu göstərir ki, pensiyaya çıxmadan öncə pensiya kapitalını almaq mümkün deyil.


MANŞET XƏBƏRLƏRİ