İran-İsrail gərginliyinin müharibə həddinə çatması, Ukrayna-Rusiya savaşında cəbhənin genişlənməsi və Belarusun prosesə qoşulması ehtimalı qaynar proseslərdən xəbər verir.
Bunlarla yanaşı ABŞ Cənubi Qafqazda hərbi varlığını artırır. Belə ki, son zamanlar rəsmi Vaşinqtona məxsus təyyarələr Ermənistana enir, hərbçi dayışır.
Ermənistanın hərbiləşdirilməsinin səbəbi nədir?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, dünyada kataklizmlərin genişləndiyi, toqquşmaların müxtəlif cinahlarda eskalasiya həddində olduğu vaxtda Cənubi Qafqaz cəbhəsi də öz aktuallığını qoruyur:
“Bu regionda sabitliyə xələl gətirilməsi üçün istifadə rıçağı hazırkı reallıqlar kontekstində sadəcə Ermənistandır. Gürcüstan Qərbdən verilən vədlərin pafosdan başqa bir şey olmadığını anladı. Azərbaycan tamamilə müstəqil siyasət yürüdür və heç bir qütbün direktivləri ilə hərəkət etməyib və etməyəcək.
“Ailəmiz türk dünyasıdır” tezisi gələcək siyasi yol xəritəsini də Qərbə çox yaxşı izah etmiş oldu. Yerdə qalır Ermənistan.
Ermənistanın hərbiləşdirilməsi təbii ki, bizim üçün gözlənilməz, ilk hadisə deyil. 30 il işğalçılıq meyillərinin gücləndirilməsi, status-kvonun qorunması üçün militarizasiya siyasəti həyata keçirirdilərsə, post-münaqişə dövründə bunun davam etməsi sülh danışıqlarına xələl gətirmək, öncəki vəziyyəti geri qaytarmaq, iki ölkə arasında nifaqın dərinləşdirilməsi məqsədi daşıyır.
Züriyə Qarayeva
Ukraynanın da, İsrailin də taleyi Qərb güclərini qətiyyən maraqlandırmadığı kimi, İrəvanın uçuruma yuvarlanması da heç bir əhəmiyyət daşımır. Əgər Ermənistanın maraqları qorunsaydı, ilk növbədə Paşinyan sülh danışıqlarına vadar edilərdi”.
Turan Rzayev