Marketlər fermerdən 50 qəpiyə aldığını 2 manata satır - SƏBƏBLƏR


Fermerin ucuz qiymətə satdığı məhsul bəzi hallarda alıcılar üçün bir neçə dəfə baha başa gəlir. Məsələn, fermerdən 50 qəpiyə alınan məhsul marketdə 2 manata təklif edilə bilir. Bu qiymət fərqi həm məhsulunu satan fermerin, həm də alış-veriş edən vətəndaşın narazılığına səbəb olur.

İqtisadçı Natiq Cəfərli Modern.az-a açıqlamasında bildirib ki, fermerlərin məhsullarını birbaşa bazara çıxarmaq imkanları məhduddur:

"İndiki vəziyyət qanunsuz deyil. Amma qiymətləri artıran amillərdən biridir. Fermerlərin bazara birbaşa çıxışı problemlidir. Bu barədə illərdir ki, danışılır, müəyyən müzakirələr aparılır. Market şəbəkələrinin fermerlərdən birbaşa məhsul alması qiymət artımını azaltmağa kömək edə bilər”,-iqtisadçı deyib.

N.Cəfərlinin fikrincə, market şəbəkələrini fermerlərlə birbaşa müqavilə bağlamağa həvəsləndirmək lazımdır:

“Azərbaycanda çoxlu market şəbəkəsi mövcuddur. Onlara ciddi güzəştlər təklif etmək lazımdır ki, fermerlərlə birbaşa işləməkdə maraqlı olsunlar. Təəssüf ki, indi belə bir maraq yoxdur. Market üçün məhsulu kimin satmasının fərqi olmur. Məhsulu alıb üzərinə 15–20 faiz əlavə edərək satırlar”.

Ekspertin sözlərinə görə, marketlərdə fermerlərlə iş üzrə ayrıca bölmələrin yaradılması da çıxış yollarından biri ola bilər:

“Market şəbəkələri fermerlərlə işləmək üçün xüsusi departament yaratmalı, onlarla əlaqə qurmalı və müqavilə bağlamalıdır. Fermerin məhsulunu birbaşa satmaq imkanı genişlənsə, aradakı vasitəçilərin sayı da azalar. Mövcud satış zəncirinin dəyişməsi üçün marketlərin fermerlərlə işləməkdə iqtisadi marağı olmalıdır".


MANŞET XƏBƏRLƏRİ