Alimlər çaşqınlıq içində: Ekzoplanetdən ilk radio siqnalı


Astronomlar ilk dəfə ekzoplanetdən birbaşa gələn radio siqnallarını aşkar ediblər.

Turkustan.az xəbər verir ki, Harvard-Smitson Astrofizika Mərkəzi və Oregon Universitetinin tədqiqatçıları Cənubi Afrikadakı MeerKAT radio teleskopunun köməyi ilə “Beta Pictoris b” ekzoplanetindən gələn radio siqnallarını qeydə alıblar.

Alimlərin fikrincə, siqnallar planetin atmosferi və maqnit sahəsi ilə yüklü hissəciklərin qarşılıqlı təsiri nəticəsində yaranan qütb parıltıları ilə əlaqəlidir. 2025 və 2026-cı illərdə aparılan dörd müşahidə zamanı 0,85-3,5 giqahers tezlik diapazonunda sürətli, təkrarlanan və dairəvi polyarizasiyalı radio partlayışları aşkarlanıb.

Müşahidələr Yer kürəsindən təxminən 63,4 işıq ili uzaqlıqda yerləşən Beta Pictoris ulduz sisteminə yönəldilib. Kvazarlardan istinad nöqtəsi kimi istifadə edən tədqiqatçılar siqnalların ulduzdan deyil, onun ətrafında fırlanan “Beta Pictoris b” planetindən gəldiyini müəyyən ediblər.

Hesablamalara görə, planetin maqnit sahəsi Yerinkindən minlərlə dəfə güclüdür. 2008-ci ildə kəşf edilən və kütləsi Yupiterdən təxminən 10 dəfə çox olan “Beta Pictoris b” birbaşa radio siqnalı aşkar edilən ilk ekzoplanet hesab olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ