İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Hörmüz boğazının açılması üçün ABŞ-ın İranın irəli sürdüyü yeddi şərti yerinə yetirməli olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Rzayi televiziya proqramında çıxışı zamanı İranın ABŞ-la diplomatik təmaslarına və Hörmüz boğazı ilə bağlı mövqeyinə dair açıqlamalar verib.
Onun sözlərinə görə, İranın şərtləri ABŞ tərəfindən üç-dörd gün ərzində yerinə yetirilməlidir. Bundan sonra Tehran Hörmüz boğazının açılması ilə bağlı növbəti addımını müəyyənləşdirəcək.
Rzayi bildirib ki, yeni şərtlər əvvəlkilərdən həm məzmun, həm də yanaşma baxımından fərqlənir. O, İranın əvvəlki diplomatik prosesə qayıtmayacağını və lazımi zəmanətlər olmadan eyni formatda danışıqları davam etdirməyəcəyini vurğulayıb.
“İranın mövqeyində heç bir dəyişiklik yoxdur. Diplomatiyaya yanaşmamız keçmişdən fərqlidir. ABŞ daha çox addım atmalıdır”, – Rzayi deyib.
Aytən Yaşar/ Turkustan.az