Azərbaycanlı politoloq İrəvandakı konfransa qatıldı - Ermənistanı tənqid etdi - FOTO


Azərbaycanlı politoloq Vasif Hüseynov Ermənistan və diaspor nümayəndələrinin xarici diplomatların Qarabağa səfərinə reaksiyasının gözlənilməz olduğunu və regionda sülhə münasibətlə bağlı müəyyən suallar yaratdığını bildirib.

Turkustan.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Vasif Hüseynov bunu sentyabrın 23-də İrəvanda keçirilən konfransda onlayn iştirak edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın və erməni diasporunun diplomatların Qarabağa səfərinə reaksiyası gözlənilməz olub.

“Reaksiya bizi təəccübləndirdi. Bu, Ermənistan cəmiyyətinin – ən azı bu diplomatik səfərə reaksiya verən hissəsinin – hələ sülhə hazır olmadığını göstərir”, – deyə politoloq bildirib.

Azərbaycanlı politoloq İrəvandakı konfransa qatıldı - Ermənistanı tənqid etdi

V.Hüseynov bəzi erməni qruplarının Qarabağ məsələsi ilə bağlı əvvəlki mövqelərini qoruduğunu deyib:

“Mənim revanşist və millətçi adlandırdığım qruplar hələ də Qarabağ, Qarabağın geri qaytarılması barədə xəyallar qururlar. Buna görə də Ermənistan tərəfinin reaksiyası bizim üçün olduqca təəssüf doğuran və gözlənilməz oldu. Bununla belə, ümid edirəm ki, bu, sülh prosesini pozmayacaq”.

Politoloq Azərbaycan və Ermənistanın sülh sazişinin imzalanmasına yaxın olduğunu da deyib. Onun sözlərinə görə, sentyabrın 23-də və ya 24-də Nyu-Yorkda iki ölkənin xarici işlər nazirlərinin görüşü gözlənilir.

V.Hüseynov sülh prosesi çərçivəsində üç layihə ilə bağlı yeni açıqlamaların veriləcəyini də bildirib və bunun mövcud sülh prosesinə mane olmayacağını düşündüyünü qeyd edib.

Politoloq daha sonra Ermənistan Konstitusiyası ilə bağlı Azərbaycan tərəfinin mövqeyini təkrarlayıb. O, Bakı ilə Ankara arasında bu məsələdə mövqelərin üst-üstə düşdüyünü bildirərək, Türkiyəni Azərbaycanın əsas müttəfiqi kimi xarakterizə edib.

“Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarıldıqdan sonra sərhədlərin açılacağı tamamilə aydındır”, – deyə Hüseynov bildirib.

O, Ermənistanın Konstitusiyasında dəyişikliklərin aparılması ilə bağlı bədbin olmadığını, bunun yaxın aylarda mümkün ola biləcəyinə inandığını deyib.

V.Hüseynov TRIPP layihəsinin həyata keçirilməsinin Ermənistan-Azərbaycan sərhədinin cənub hissəsində açılışla nəticələnəcəyini də söyləyib. Onun fikrincə, sərhədlər bağlı qalmaqla TRIPP-in fəaliyyətə başlaması mümkün deyil və layihənin icrası ən azı müəyyən hissədə sərhədin açılmasını nəzərdə tutur.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da sentyabrın 23-də Nyu-Yorkda keçirilən “Konkordiya” sammitində TRIPP layihəsinin həyata keçirilməsinə diqqət yetirdiklərini bildirib. Onun sözlərinə görə, layihə regional əlaqəliliyi tam şəkildə açacaq və Ermənistan üçün Azərbaycanla dəmir yolu əlaqəsi yaradacaq.

V.Hüseynovun sözlərinə görə, bu proses sülh sazişinin imzalanması ilə müşayiət olunmalıdır.

“İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistan Konstitusiyasını dəyişdikdən sonra Azərbaycan sülh sazişini növbəti gün imzalamağa hazırdır. Sülh sazişinin imzalanması isə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması demək olacaq”, – deyə o bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan sülh sazişinin, eləcə də TRIPP layihəsinin təşəbbüskarı kimi çıxış edib./modern.az


MANŞET XƏBƏRLƏRİ