Ay sonunda ərzağa bu qədər pul gedir – Bakı marketlərində ARAŞDIRMA


Market arabasına bir neçə çörək, ət, süd, yumurta, yağ və tərəvəz qoyulur. Kassaya yaxınlaşanda isə səbətdəki məhsulların sayından çox yekun məbləğ gözə dəyir. Bir ailənin gündəlik süfrəsi üçün alınan ən sadə ərzaqlar belə ayın sonunda yüzlərlə manata başa gəlir.

Turkustan.az xəbər verir ki, yenisabah.az Bakıdakı iri marketlərin sentyabr ayına aid açıq satış qiymətlərini araşdıraraq 4 nəfərlik ailənin gündəlik süfrəsində ən çox istifadə etdiyi 10 əsas ərzaq qrupunun aylıq xərcini hesablayıb.

Araşdırmada “Bravo”, “Bazarstore”, “Araz” və “Neptun” martketin onlayn satış qiymətləri müqayisə edilib.

Dövlət Statistika Komitəsinin son açıqladığı məlumat da ərzaq qiymətlərində artımın davam etdiyini göstərir. 2026-cı ilin avqustunda qida məhsullarının qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz, ötən ilin eyni ayı ilə müqayisədə isə 7,1 faiz artıb. Yanvar-avqust aylarında qida məhsullarında illik artım 6,7 faiz təşkil edib.

Hesablamaya görə 4 nəfərlik ailənin yalnız əsas ərzaqlardan ibarət aylıq səbəti təxminən 436-672 manat arasında dəyişə bilər. Orta hesabla isə bu məbləğ 536 manata yaxınlaşır.

Burada söhbət ailənin bütün aylıq ərzaq alışından getmir. Hesablamaya yalnız çörək, mal əti, toyuq əti, süd və süd məhsulları, yağ, yumurta, un-düyü-makaron, şəkər-çay, tərəvəz və meyvə daxil edilib.

Bir ailənin ay ərzində təxminən 30 ədəd çörək aldığı qəbul edildikdə, çörəyə orta hesabla 27-28 manat xərclənir. Marketlərdə adi çörəyin qiyməti əsasən 60 qəpikdən başlayır və məhsulun növündən asılı olaraq 1 manat və daha yuxarı ola bilir. Hazırda marketlərdə bəzi 400 qramlıq çörəklərin qiyməti 1,15 manat civarındadır. Bir çörəyin qiyməti böyük məbləğ kimi görünməsə də, hər gün alınanda ayın sonunda ayrıca xərcə çevrilir.

Əsas yük isə ətin üzərinə düşür.

4 nəfərlik ailənin ay ərzində 8 kiloqram sümüksüz mal əti və 8 kiloqram toyuq əti aldığı qəbul edilərsə, yalnız bu iki məhsula 200 manatdan artıq vəsait gedir.

Dövlət Statistika Komitəsinin avqust ayı üzrə məlumatında sümüksüz mal ətinin orta qiyməti 20,62 manat, sümüklü mal ətinin qiyməti 16,86 manat, qoyun ətinin qiyməti 19,36 manat, toyuq ətinin qiyməti isə 6,30 manat göstərilib.

Supermarketlərdə isə məhsulun kəsimi, markası və soyudulmuş və ya dondurulmuş olması qiyməti dəyişir. Məsələn, bəzi marketlərdə toyuğun bütöv halda kiloqramı 7 manat ətrafında olduğu halda, file və digər hazır kəsimlərdə qiymət 9 manatı keçir. Bu isə o deməkdir ki, ailənin ay ərzində aldığı 8 kiloqram toyuğun hansı formada seçilməsi belə büdcədə nəzərəçarpacaq fərq yarada bilər.

Süd və süd məhsulları da ailənin aylıq xərclərində mühüm yer tutur. Açıq market qiymətlərində 1 litr südün qiyməti məhsuldan asılı olaraq təxminən 2,3-4,8 manat arasında dəyişir. Daha çox alınan süd, qatıq, xama və kəsmik kimi məhsullar birlikdə götürüldükdə 4 nəfərlik ailə üçün aylıq təxminən 50-60 manatlıq xərc yaranır.

Yumurtada da vəziyyət oxşardır. 10 ədəd yumurtanın qiyməti marketdən və məhsulun növündən asılı olaraq təxminən 2,2-3,9 manat arasında dəyişir. Ailə ay ərzində 80 yumurta istifadə edirsə, bu məhsulun orta aylıq xərci təxminən 23 manata çatır. Dövlət Statistika Komitəsinin avqust məlumatında 10 ədəd toyuq yumurtasının orta qiyməti 1,81 manat göstərilib. Lakin marketlərdə marka, qablaşdırma və yumurtanın növünə görə daha yüksək qiymətlərə də rast gəlinir.

Yağ isə ərzaq səbətində az alınmasına baxmayaraq, qiymətinə görə böyük xərc yaradan məhsullardandır. Ailə ay ərzində təxminən 1,5 kiloqram kərə yağı və 3 litr duru yağ istifadə edərsə, bu məhsullara orta hesabla 40 manata yaxın pul gedir.

Un, düyü və makaron isə ayrıca baxanda o qədər böyük xərc kimi görünmür. Lakin bunlar da hər ay alınan əsas məhsullar olduğu üçün birlikdə təxminən 25-30 manatlıq xərc yaradır. Məsələn, bəzi marketlərdə 2 kiloqram unun qiyməti 2,8 manat ətrafında, 800 qram düyünün qiyməti isə məhsulun markasından asılı olaraq 2-3 manat civarındadır. Makaronların qiyməti isə 500 qramlıq qablaşdırmada təxminən 1-2 manat arasında dəyişir.

Şəkər və çay üçün aylıq orta hesabla 14 manatlıq xərc çıxır. Bu hesablamada 4 kiloqram şəkər və təxminən 450 qram çay götürülüb.

Ailənin ərzaq büdcəsində tərəvəz isə daha böyük pay tutur.

Kartof, soğan, pomidor, xiyar, kök və digər gündəlik tərəvəzlərin aylıq alışına orta hesabla 100 manat civarında vəsait gedir. Məhsulların qiyməti mövsümə, məhsulun yerli və ya idxal olmasına, eləcə də marketə görə dəyişir.

Sentyabrda bəzi mövsümi tərəvəzlərin qiyməti daha münasib olsa da, pomidor və xiyar kimi məhsulların qiymətində dəyişikliklər müşahidə edilir. Meyvə üçün isə 4 nəfərlik ailənin aylıq orta hesabla 70 manat xərclədiyi qəbul edilib. Burada əsasən alma, armud, banan, üzüm və digər mövsümi meyvələr nəzərə alınıb.

Hesablamaya görə, 4 nəfərlik ailənin yalnız bu 10 əsas ərzaq qrupuna aylıq orta hesabla təxminən 536 manat xərcləməsi mümkündür. Daha qənaətli alış-veriş zamanı məbləğ təxminən 436 manata qədər düşə bilər.

Məhsullar daha yüksək qiymətlərdən və bahalı markalardan seçildikdə isə xərc 670 manatı keçir.

Ancaq bu məbləğ ailənin real aylıq ərzaq büdcəsinin son həddi deyil. Çünki hesablamaya balıq, pendir, kolbasa və digər ət məhsulları, paxlalılar, şirniyyat, qəhvə, içkilər, su, hazır məhsullar və uşaqlar üçün qəlyanaltılar daxil edilməyib. Məişət və gigiyena məhsulları da bu hesablamadan kənarda saxlanılıb.

Üstəlik, sentyabr ayı ailələr üçün əlavə xərclərin artdığı dövrdür. Məktəblərin açılması ilə uşaqlar üçün meyvə, süd, şirniyyat, qəlyanaltı və digər məhsulların alınması da artır. Bu səbəbdən 4 nəfərlik ailənin ay ərzində marketə ödədiyi ümumi məbləğ yalnız əsas ərzaqlardan hesablanan 536 manatdan xeyli yüksək ola bilər.

Qeyd edək ki, sentyabr ayının yekun göstəriciləri ay başa çatmadığı üçün hələ açıqlanmayıb. Buna görə araşdırmada Dövlət Statistika Komitəsinin ən son rəsmi məlumatı olan avqust göstəricilərindən istifadə edilib.


MANŞET XƏBƏRLƏRİ