Türkiyədə 2011-ci ildə Silivri həbsxanasında vəfat edən Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində "Kurtlar Vadisi" serialının ssenari müəlliflərindən biri Bayram Özbek həbs edilib.
Turkustan.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilir ki, o, "silahlı terror təşkilatı qurmaq və ya ona rəhbərlik etmək" və "qəsdən adam öldürməyə təhrik etmək" ittihamları ilə həbs olunub.
Qeyd edək ki, 2011-ci ildə Silivri həbsxanasında vəfat edən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı daha əvvəl də "Kurtlar Vadisi Pusu" serialı istintaqın diqqət mərkəzinə düşüb, serialın ssenaristləri isə "məlumat sahibi" qismində ifadəyə çağırılıblar.
Prokurorluğun diqqətini cəlb edən məqamlardan biri "Kurtlar Vadisi Pusu" serialının 2011-ci il noyabrın 10-da yayımlanan 136-cı bölümü olub.
Həmin bölümdə "Kazım Kaşifoğlu" adlı obrazın hücrədə saxlanıldığı və daha sonra ölümlə hədələndiyi səhnələr nümayiş olunub.
Kaşif Kozinoğlu isə məhz həmin bölümün yayımlanmasından iki gün sonra - 2011-ci il noyabrın 12-də Silivri Cəzaçəkmə Müəssisəsində dünyasını dəyişib./Oxu.az