İranda İsraillə qarşıdurmanı Azərbaycan platformasına keçirmək istəyən qüvvələrin olduğu bəllidir. Bu kontekstdə Pezeşkianın SEPAH-a “İsraillə qarşıdurmada Azərbaycanı vurmaq” təklifini verdiyi haqqda yayılan informasiyalar diqqət çəkir.
Sizcə Pezeşkianın açıqlaması nə dərəcə doğrudur? İran mediası Pezeşkian ilə Azərbaycanın arasını vurmaq üçünmü belə bir xəbər çıxardır?
Yox əgər xəbər doğrudursa, Azərbaycanın Pezeşkiana qarşı mövqeyi necə olacaq?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Turkustan.az-ın suallarını cavablandırıb.
Politoloq bildirib ki, “İran prezidenti Məsud Pezeşkianın həm prezident olmamışdan əvvəl, həm də prezident seçkilərindən sonra verdiyi açıqlamalarda, daima Azərbaycana qarşı müsbət münasibətin şahidi olmuşuq. Nəzərə alaq ki, Pezeşkianın prezident seçilməsində Güneydəki soydaşlarımızın çox böyük rolu var. Onların ilkin dəstəyi ilə Pezeşkian ölkə prezidenti seçilib və daima özünü Azərbaycan türkü olduğunu qabardan bir şəxsdir. Mən elə düşünürəm ki, onun Azərbaycanı vurmaq istəməsi barəsində yayılan informasiya doğru deyil. Bunun doğru olduğunu düşünmürəm və bu məsələlərlə bağlı hansısa bir açıqlamalar verilməyib. Sadəcə olaraq İrandakı bəzi qüvvələr Pezeşkianla Azərbaycanın arasını vurmaq istəyirlər. Buna görə müəyyən açıqlamalar verirlər”.
Politoloq əlavə olaraq bildirib ki, “ümumiyyətlə açıq şəkildə demək lazımdırsa, Pezeşkian üçün prezidentlik çox çətin olacaq. Çünki SEPAH çox güclü təzyiqlər göstərir. Pezeşkianın vitse prezident vəzifəsinə təyin etdiyi Həsən Ruhani dövrünün xarici işlər naziri və prezidentin yaxın dostu idi. SEPAH-ın təzyiqinə tab gətirə bilmədi və istefa verdi. Yəni bu onu göstərir ki, SEPAH indiki prezidentin siyasəti ilə barışmaq istəmir və onu təsir dairəsində saxlamaq istəyir. İrandakı dini hakimiyyət SEPAH-ın vasitəsilə kifayət qədər özünü hərbirləşdirib. Yəni İranda bu dəqiqə mühüm dövlət strukturlarına nəzarət birbaşa SEPAH-ın əlindədir və SEPAH o qədər güclənib ki, artıq biz İranı dini dövlətdən çox hərbi dövlət kimi görürük. Konkret şəkildə açıq demək lazımdırsa, Məsud Pezeşkiana İranda çox güclü hərbi təzyiq var. Pezeşkianın özü də bir müddət əvvəl bəyan etmişdir ki, işləməyə qoymurlar. Mən belə düşünürəm ki, Pezeşkian Azərbaycanla bağlı məsələdə hər hansısa bir mənfi münasibət göstərməyib. Bu onun siyasi cəhətdən sonu ola bilər. Bunun özü də fərqindədir. Düşünürəm ki, bu müəyyən qüvvələrin, hansı ki, onu işləməyə qoymayan qüvvələrin yaydığı dezinformasiyadır”.
Eltac Zülfüqaroğlu/Turkustan.az