BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ-İran münasibətlərindəki gərginlik əsas müzakirə mövzularından birinə çevrilib.
Vaşinqton və Tehran arasında nüvə proqramı, sanksiyalar və Hörmüz boğazı ilə bağlı fikir ayrılıqları fonunda tərəflərin qarşılıqlı sərt açıqlamaları diqqət çəkib. Diplomatik təmaslar və mümkün danışıqlarla bağlı mesajlar verilsə də, tərəflərin əsas məsələlər üzrə mövqelərində ciddi fərqlər qalır.
BMT Baş Assambleyası çərçivəsində səsləndirilən bəyanatlar ABŞ-İran münasibətlərində gərginliyin bundan sonrakı istiqaməti ilə bağlı sualları da gündəmə gətirib. Xüsusilə nüvə məsələsi və Hörmüz boğazının gələcək statusu tərəflər arasında əsas fikir ayrılığı mövzuları olaraq qalır. Bəs bundan sonra tərəflər arasında hər hansısa dəyişikliklər olacaqmı?
Turkustan.az mövzu ilə bağlı siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib.

Məhəmməd Əsədullazadə
İranla ABŞ arasında demək olar ki, yeni müharibə təhlükəsi yaranıb. BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian arasında təmasın baş tutacağı ilə bağlı gözləntilər var idi. Lakin düşünmürəm ki, Tramp və Pezeşkian arasında baş tutan və ya planlaşdırılan təmas problemin həllinə gətirib çıxarsın.
Nəzərə almaq lazımdır ki, Pezeşkianın bu məsələdə səlahiyyətləri məhduddur. Tərəflər arasında əvvəlcə anlaşma memorandumu imzalansa da, sonradan İranın Ali Rəhbəri bu sənədi qəbul etmədi və tanımadı.
Bununla yanaşı, Pezeşkian ABŞ tərəfinə yeddi maddədən ibarət təklif göndərib və Tramp administrasiyasından cavab gözlənilir. Lakin düşünmürəm ki, ABŞ bu təklifləri bütövlükdə qəbul etsin. Ona görə də proses kifayət qədər mürəkkəb olaraq qalır.
Bu baxımdan, Nyu-Yorkda baş tutan təmasların münaqişənin həllinə gətirib çıxaracağını düşünmürəm. Çünki İranın əsas qərarverici tərəfi Ali Rəhbərdir. Təbii ki, Pezeşkiyan da razılaşmanın əldə olunmasında maraqlıdır, amma belə bir razılaşmada İranın əsas tələbləri nəzərə alınmalıdır.
Digər tərəfdən, Husilər məsələsi də vəziyyəti mürəkkəbləşdirən amillərdəndir. Husilərin müharibəyə cəlb olunması regional gərginliyi artırır. Bununla belə, ABŞ ilə Husilər arasında müəyyən dialoq formatının mövcudluğu və əldə olunan atəşkəs razılaşması var. Lakin hesab edirəm ki, bunun ABŞ-İran diplomatik münasibətlərinə ciddi və həlledici təsiri olmayacaq.
Çünki tərəflər bir-birinin əsas tələblərini qəbul etmir. ABŞ-ın İrandan tələb etdiklərini Tehran yerinə yetirmir, İranın tələbləri də Vaşinqton tərəfindən qəbul olunmur. Bu səbəbdən proses dalana dirənə və yeni müharibə ehtimalı yenidən gündəmə gələ bilər.
Donald Trampın mövqeyi də burada mühüm amildir. Əgər Konqresdən və digər siyasi dairələrdən İrana qarşı daha sərt addımlar atılması ilə bağlı təzyiq artsa, ABŞ-ın İrana genişmiqyaslı zərbə endirməsi ehtimalını istisna etmirəm.
Lakin hesab edirəm ki, Nyu-Yorkda baş tutan hər hansı təmasın prosesdə ciddi müsbət dönüş yaratması real görünmür.
Aytən Yaşar/ Turkustan.az