İrəvandakı görüş TƏXİRƏ SALINDI - Simonyandan Bakının qərarına REAKSİYA


Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan "Sülh körpüsü" təşəbbüsü çərçivəsində ekspertlərin görüşünün Azərbaycan tərəfindən təxirə salınmasına münasibət bildirib.

Turkustan.az xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən danışıb:

"Biz Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin səfərini gözləyirik. Bu səfər baş tutsa, şad olarıq. Prosesi izləyirik və onların nə vaxt gələcəyini gözləyirik", - deyə Simonyan qeyd edib.

Xatırladaq ki, rəsmi Bakı "Sülh körpüsü" təşəbbüsü çərçivəsində iki ölkə ekspertlərinin bu günlərdə Ermənistanda keçirilməsi planlaşdırılan görüşünü təxirə salmaq barədə qərar qəbul edib.

Bu addımın atılmasına Ermənistan cəmiyyətində anti-Azərbaycan əhval-ruhiyyəsinin kəskinləşməsi səbəb olub. Son günlər xarici lobbi və ekspert dairələri cəlb olunmaqla Azərbaycana qarşı genişmiqyaslı informasiya kampaniyası başladılıb.

Bakıdakı mənbələrin verdiyi məlumata görə, Azərbaycana qarşı ərazi iddiaları və ölkənin suverenliyinə müdaxilə cəhdləri Ermənistanın dövlət qurumları tərəfindən açıq şəkildə dəstəklənir. Hücumların arxasında rəsmi İrəvanın dayandığı bildirilir. Mövcud şəraitdə Azərbaycan tərəfi növbəti görüşün Ermənistanda keçirilməsini məqsədəuyğun hesab etməyərək təxirə salıb./Musavat.com


MANŞET XƏBƏRLƏRİ