Ermənistanda hakim "Vətəndaş Müqaviləsi" Partiyasının deputatı Taron Çaxoyan ölkə Konstitusiyasının dəyişdirilməsinin ilk növbədə Ermənistanın öz maraqlarına xidmət etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, erməni deputat bu barədə avqustun 5-də jurnalistlərə açıqlamasında danışıb.
Çaxoyan əvvəlcə iş adamı Samvel Karapetyanın hakimiyyət dəyişikliyi ilə bağlı açıqlamalarına toxunub.
Onun sözlərinə görə, Karapetyan Ermənistan-Azərbaycan münasibətlərində mümkün gərginlikdən istifadə edərək hakimiyyəti dəyişmək niyyətindədir.
"Samvel Karapetyan deyəndə ki, hansısa tətik gözləyirik, onun məqsədi odur ki, Azərbaycan-Ermənistan münasibətlərində hər hansı kiçik sərhəd insidenti baş versin, bundan istifadə edib insanları küçələrə çıxarsın və hakimiyyəti dəyişməyə cəhd etsin. Amma belə olmayacaq. Bu sülh uzunömürlü olacaq və onların ümidləri puça çıxacaq", – deyə deputat bildirib.
Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı mövqeyinə münasibət bildirən Çaxoyan bunun ilk növbədə Ermənistan üçün vacib olduğunu vurğulayıb.
"Konstitusiyanın dəyişdirilməsi ilk növbədə Ermənistanın özünə lazımdır. Konstitusiyada ediləcək dəyişikliklər sülhün uzunömürlü olmasını təmin etməlidir", – deyə o bildirib.
Deputat qeyd edib ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın nəzərdə tutulmaması ətrafında süni müzakirələr aparılır.
Onun sözlərinə görə, bunun səbəbi Qarabağ hərəkatı ilə bağlı məsələnin faktiki olaraq başa çatmasıdır.
"Qarabağ hərəkatının Ermənistan üçün faktiki mərhələsi artıq bağlanıb, lakin hüquqi baxımdan hələ bağlanmayıb. İlk növbədə bunu biz bağlamalıyıq, çünki bununla sülhün uzunömürlü olmasını təmin edəcəyik", – deyə Çaxoyan vurğulayıb. /Musavat.com/