Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlər qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanır. Tarixi keçmişə söykənən bu əlaqələr zamanla dərinləşmiş, müxtəlif sahələrdə faydalı əməkdaşlıq müstəvisinə keçmişdir. Həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu tərəfdaşlıq nümunəsi göstərən bu münasibətlər hazırda yeni mərhələyə qədəm qoymuşdur.
Azərbaycan - Vyetnam münasibətlərinin tarixi kökləri hələ sovet dövrünə gedib çıxır. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti, xalqın əfsanəvi lideri Ho Şi Min Azərbaycan SSR-ə səfər etmişdir. Bu səfər iki xalq arasında ilk siyasi yaxınlaşma və qarşılıqlı anlaşmanın başlanğıcı kimi qiymətləndirilə bilər. Həmin səfər zamanı Ho Şi Minin Azərbaycan xalqının mədəniyyətinə, qonaqpərvərliyinə göstərdiyi yüksək qiymət bu gün də tarixdə öz əksini tapır.
Digər mühüm səfər isə 1983-cü ildə baş vermişdir. Həmin il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Vyetnama rəsmi səfər etmişdir. Bu səfər çərçivəsində bir sıra əməkdaşlıq istiqamətləri müzakirə edilmiş və gələcək münasibətlər üçün möhkəm siyasi təməl atılmışdır. Bu cür tarixi səfərlər iki ölkə arasında formalaşmış etimada və mehriban münasibətlərə dəlalət edir.
Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlər 1992-ci ildə, Azərbaycan müstəqillik qazandıqdan sonra rəsmi şəkildə qurulmuşdur. Bu münasibətlər daha da inkişaf edərək müasir dövrdə siyasi, iqtisadi, enerji, təhsil, turizm və mədəniyyət sahələrində genişlənməkdədir.
İki ölkə bir sıra beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edir. Xüsusilə Qoşulmama Hərəkatı və Birləşmiş Millətlər Təşkilatı çərçivəsində tərəflər bir-birinin mövqeyini dəstəkləyərək beynəlxalq arenada qarşılıqlı hörmət və həmrəylik nümayiş etdirirlər. Bu baxımdan, Azərbaycan və Vyetnamın beynəlxalq əməkdaşlığı yalnız ikitərəfli münasibətlər deyil, həm də qlobal siyasət baxımından diqqətəlayiqdir.
Azərbaycan və Vyetnam enerji sahəsində də əməkdaşlıq üçün böyük potensiala malikdir. 2019-cu ildə imzalanmış sənəd bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Belə ki, Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” şirkəti ilə Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu müqavilə enerji sahəsində ikitərəfli layihələrin həyata keçirilməsinə təkan verərək qarşılıqlı iqtisadi əlaqələrin möhkəmlənməsinə şərait yaradıb.
Azərbaycan enerji resursları ilə zəngin ölkə olaraq, Vyetnam üçün etibarlı tərəfdaşdır. Əvəzində Vyetnamın sənaye və texnoloji sahədəki təcrübəsi, eləcə də inkişaf edən bazarı Azərbaycan üçün yeni əməkdaşlıq imkanları yaradır. Bu cür qarşılıqlı asılılıq iqtisadi münasibətlərin davamlı və səmərəli şəkildə inkişafına şərait yaradır.
Son illərdə Azərbaycan - Vyetnam münasibətlərinin mədəni və humanitar ölçüsü də ön plana çıxmağa başlayıb. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması, yalnız nəqliyyat sahəsində deyil, eyni zamanda turizm və mədəniyyət mübadiləsində də yeni imkanlar açır. Bu cür əlaqələr iki xalqın bir-birinin tarixinə, mədəniyyətinə və adət-ənənələrinə marağını artırır.
Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı da qarşılıqlı maraq doğuran istiqamətlərdəndir. Azərbaycan və Vyetnam bu istiqamətlər üzrə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir və bu niyyət bir çox rəsmi səviyyəli görüş və sənədlərdə öz əksini tapıb.
2025-ci il mayın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Vyetnam Sosialist Respublikasının Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam arasında keçirilən görüşlər Azərbaycan - Vyetnam münasibətlərində yeni bir səhifənin açılmasına səbəb oldu. Bu görüşlər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyanat imzalandı, bu da münasibətlərin daha da dərinləşməsinə və genişlənməsinə zəmin yaratdı.
Görüşlər zamanı Prezident İlham Əliyev və Baş katib To Lam siyasi, iqtisadi, enerji, müdafiə, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə etdilər. Tərəflər, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini vurğuladılar.
Bu səfər çərçivəsində Azərbaycan və Vyetnam arasında bir sıra mühüm sənədlər imzalandı. Bunlar arasında enerji sahəsində əməkdaşlıq, müdafiə, ədliyyə, mədəniyyət və digər sahələri əhatə edən anlaşma memorandumları yer aldı. Xüsusilə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnamın “Petrovietnam” və “Binh Son Refining and Petrochemical Company” şirkətləri arasında imzalanan sənədlər enerji sektorunda əməkdaşlığın genişlənməsinə xidmət edəcək.
Prezident İlham Əliyev qeyd etdi ki, bu sənədlərin imzalanması iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir və gələcək əməkdaşlıq üçün möhkəm əsas yaradır. Bu isə Azərbaycan və Vyetnam arasında uzun illərdir mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə xidmət edir.
Milli Majlis
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması