Bakı və Ankaranı savaşa çəkmək İran üçün intihardır!


Hazırda İrandan atılan raket məsələsi gündəmdədir. Kimisi məsələyə İran tərəfdən, kimisi isə ABŞ və İsrail tərəfdən baxır. Ancaq çoxları vəziyyətin tam fərqində deyil. Azərbaycana təsir edən hərbi əməliyyatlar nəzərə alınaraq, bütün proseslər eyni çərçivədə qiymətləndirilməlidir.

Turkustan.az xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Abdullah Ağar qeyd edib.

Ekspert bildirib ki, prosesi qiymətləndirmədən öncə baş verənləri xatırlamaq lazımdır:

“Türkiyəyə iki dəfə raket atıldı, Naxçıvana isə 4 PUA hücumu edildi. Naxçıvana hücumdan sonra Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkənin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji hədəflərə qarşı plan quran şəxsləri ifşa etdiyini açıqladı.

Nə baş verir? Nə ilə üz-üzəyik? Bir neçə ehtimallara nəzər salmaq lazımdır.

Əvvəlcə qeyd edim ki, raket hücumu yalnız silah deyil, siyasi mesaj, sınaq, manipulyasiya və provokasiya məqsədi daşıyan bir vasitə də ola bilər. Əsl günahkarın və məqsədin tapılması üçün də strateji düşüncə lazımdır.

Düşünürəm ki, bu hücumların məsuliyyət sahibləri İranda strateji qərar verən bir qrup, ballistik raketi manipulyasiya edə bilən qüvvə, Türkiyə və Azərbaycanı müharibəyə cəlb etməyə çalışan daxili güc, İranda qərar mexanizmlərini daxildən manipulyasiya edə bilən xarici güc, həmçinin stress səbəbilə qərar mexanizminin səhvi ola bilər.

Əgər İranın mərkəzi dövlət ağlı itməyibsə, ölkə üçün Türkiyə və Azərbaycanın müharibəyə cəlb olunması strateji intihara bərabər ola bilər.

Digər tərəfdən də İrandakı bəzi ballistik raketlərin İraq-Suriya koridorundan keçəcək şəkildə proqramlaşdırılması ABŞ-ın radar şəbəkəsini sınaqdan keçirmək məqsədi daşıya bilər”.

Ağarın fikrincə, havada olan ballistik raketə müdaxilə etmək çətin olsa da, mümkündür:

“Qarabağ, Ukrayna, Suriya və İran-İsrail/ABŞ müharibələri bir yeni reallığı üzə çıxartdı: müasir müharibə yalnız əsgər və silahların deyil, həm də kiber və alqoritm müharibəsidir.

Müasir müharibədə raketin istiqamətindən daha vacib olan raketin buraxılmadan əvvəl manipulyasiya edilə bilməsidir. Qısaca, raket buraxılır, lakin onu sahibi yox, proqram təminatı idarə edə bilir.

Buna diqqət edərək bir ehtimal üzərində də düşünək: tutaq ki, İranın raket texnologiyasının mühüm bir hissəsi Çin infrastrukturu və texnologiyasına əsaslanır. Bu isə təchizat zəncirinin manipulyasiyası ehtimalını tamamilə istisna etməyi çətinləşdirir. Yəni xarici manipulyasiya ehtimalı yalnız ABŞ və ya İsrail mənşəli olmaya da bilər.

Bir ballistik raketin uçuşu bir neçə mərhələdən ibarətdir və müxtəlif müdaxilə növləri mövcuddur. Yəni raket havada olan zaman xarici müdaxilələrlə və ya fiziki müdaxilə ilə (vurularaq) istiqaməti dəyişdirilə, kiber müdaxilə edilə, hədəfə yaxınlaşarkən saxta hədəfə yönləndirilə bilər. Hətta əgər raket radar yönləndirməlidirsə və ya GPS yenilənməsi ilə işləyirsə, siqnal da qarışdırıla bilər.

Amma mənim ən çox diqqət etdiyim ehtimal sensorların korlaşdırılmasıdır. Bu zaman radar, məlumat və naviqasiya sistemləri qarışdırıla, yanlış məlumat yaradıla və hədəf itirilə bilər. Bu tip sistemlər birbaşa raketi manipulyasiya etməkdən çox, onun ətraf mühitini manipulyasiya edir.

Diqqətinizə çatdırım ki, bu müharibədə ABŞ və İsrailin İran raketlərinə çox vaxt havada birbaşa müdaxilə etmək əvəzinə qəribə marşrut xətaları da yaradır. Bu, çox maraqlı bir müharibə üsuludur.

Bunlar tam olaraq təsdiqlənməyib və əksəriyyəti strateji ehtimal olaraq müzakirə olunur. Amma yenə də müasir müharibənin məntiqi baxımından vacib ipucları verir.

Bu məlumatlar əsasında İrandan ballistik raket hücumunda ən azı 6 ehtimalın mövcud olduğunu deyə bilərik:

1. Raket əslində hədəfə doğru gedib və müdafiə sistemi tərəfindən vurulub;

2. Kiber-müharibə səbəbindən raketin naviqasiyası pozulub;

3. Kiber-müdaxilə edilərək raketin istiqaməti Türkiyə olaraq göstərilib;

4. Raketin proqram təminatında sabotaj edilib və marşrut manipulyasiyası baş verib;

5. Raketə xaricdən göndərilən radar məlumatları vasitəsilə müdaxilə olunub və istiqaməti dəyişdirilib;

6. İran ABŞ-ın müharibə radar şəbəkəsinin sərhədlərini, limitlərini və qabiliyyətlərini test edib. Yəni yem atıb.

Bu nöqteyi-nəzərdən Şərqi Aralıq dənizindəki məlumat, radar və rabitə manipulyasiyası təzyiqinə xüsusi nəzər yetirmək lazımdır. Çünki Şərqi Aralıq dənizində rabitə, GPS siqnallar, radarlar, elektron təzyiq və s. bir-birinə qarışmış vəziyyətdədir. Yəni yalnız Aralıq dənizinin dalğaları deyil, radiodalğalar, mikrodalğalar da eyni anda mövcuddur.

Həqiqi səbəbkarı tapmaq üçün sadaladıqlarım çox önəmlidir. Çünki raketin sensorlarınının korlaşdırıla biləcəyi kimi, yanlış məlumat və yanlış hədəf təyini yaratmaq ehtimalı da yüksəkdir”.

Mütəxəssisin fikrincə, ehtimallar çox olsa da, günahkarı tapmağa elə də ehtiyac yoxdur:

“Çünki bir dövlətin strateji ağlı belədir: riskli, mənşəyi qeyri-müəyyən və ya müəyyən olsa belə, provokativ məlumatlar üzərində hərəkət etməz. Əsl dövlət ağlı öz strateji yaddaşına əsaslanır, zamanını seçir, ölçüsünü müəyyən edir və təsirini belə ortaya qoyur”. /Axar.az/


MANŞET XƏBƏRLƏRİ