Rusiya Pavel Danilov, Vladimir Uxalov və Dmitri Şiqayevi Ukrayna müharibəsinin əleyhinə olduğu üçün onlara qarşı qondarma ittihamlar irəli sürüb
Ermənistan Rusiya vətəndaşlarının siyasi motivlərlə ekstradisiyasını -əgər həmin şəxslər ölkə qanunlarını pozmayıblarsa- istisna etdiyini bəyan edib. Lakin Ukraynadakı müharibəyə qarşı mövqelərinə görə Rusiyada təqib olunan üç Rusiya vətəndaşı hazırda İrəvanda həbsdə saxlanılır. Hüquq müdafiəçiləri onların ekstradisiyasına qarşı mübarizə aparır və xəbərdarlıq edirlər ki, bu şəxslərin Rusiyaya təhvil verilməsi Ermənistanın insan həyatının qorunması üzrə Avropa öhdəliklərinin pozulması demək olacaq.
Turkustan.az “Novaya vremya”nəşrinə istinadən xəbər verir ki, söhbət İrəvanda həbsdə saxlanılan Rusiyanın üç vətəndaşı — Pavel Danilov, Vladimir Uxalov və Dmitri Şiqayevdən gedir. Onlara qarşı Rusiyada silah saxlama, terrora çağırışlar və terror aktı haqqında qəsdən yalan məlumat yaymaq maddəsi ilə cinayət işi açılıb. Hüquq müdafiəçiləri hesab edirlər ki, bu cinayət işləri qanunsuz istintaq nəticəsində açılıb.

Vladimir Uxalov
Vanadzorda fəaliyyət göstərən Helsinki Vətəndaş Assambleyasının hüquq şöbəsinin rəhbəri Ani Çatinyanın sözlərinə görə, bu şəxslərə qarşı ittihamlar uydurma və ya kifayət qədər sübutlara əsaslanmır. Onun sözlərinə görə, hər üç şəxs Ukraynadakı müharibəyə qarşı açıq şəkildə çıxış edib, hakimiyyəti tənqid edib və məhz bundan sonra onların təqibi başlayıb. Hüquq müdafiəçisi bildirib ki, Danilov, Uxalov və Şiqayevin ekstradisiya olunması təhlükəsi mövcuddur və hazırda onların işləri Vanadzor ofisi tərəfindən Ermənistanın inzibati və cinayət məhkəmələrində apelyasiya qaydasında mübahisələndirilir.
Bu üç nəfərin işi Rusiya hüquq-mühafizə orqanlarının göndərdiyi 13 ekstradisiya sorğusundan biridir. Çatinyanın sözlərinə görə, Ermənistan həmin sorğuların 10-na rədd cavabı verib, lakin bu üç nəfərlə bağlı Rusiyanın tələbi təmin olunub.
“Onlardan biri bloqer-jurnalistdir. O, pasifist mövzulu yazılar dərc edirdi və gözlənilmədən partlayıcı qurğunun yerləşdirilməsi barədə yalan məlumat yaymaq ittihamı ilə üzləşdi. Hazırda hər üç şəxs Ermənistanda həbsdədir. Onlar ölkəyə giriş məhdudiyyətlərindən xəbərsiz idilər və humanitar viza ilə sərhədi keçmək istəyərkən saxlanılıblar”, — deyə Çatinyan bildirib.
O əlavə edib ki, Vanadzor ofisi ekstradisiyanın qarşısını almaq üçün bütün mümkün vasitələrdən, o cümlədən beynəlxalq mexanizmlərdən istifadə edir.
“Əgər bu şəxslər Rusiyaya təhvil verilsə, onları vətənlərində qəddar rəftar gözləyə bilər. Belə bir addım isə Ermənistanın insan hüquqları sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərin, xüsusilə də İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 2-ci və 3-cü maddələrinin pozulması demək olacaq”, — deyə Çatinyan vurğulayıb.

Ermənistan parlamentinin spikeri Alen Simonyan fevral ayında siyasi motivlərlə təqib olunan Rusiya vətəndaşlarının Rusiyaya deportasiya edilməsinin mümkünlüyünü istisna edib. Onun sözlərinə görə, Ermənistan hüquq-mühafizə orqanları belə şəxsləri saxlamış olsa da, heç vaxt onları Rusiyaya təhvil verməyib və gələcəkdə də bunu etməyi planlaşdırmır. O eyni zamanda başqa bir vəziyyətə də diqqət çəkib: Ermənistan tərəfindən axtarışa verilmiş bir çox şəxslər — zorakılıq, qətl və korrupsiya kimi ağır cinayətlərdə ittiham olunan keçmiş siyasi xadimlər — hazırda məhz Rusiyada gizlənirlər.
Vanadzor Helsinki Vətəndaş Assambleyasının rəhbəri, hüquq müdafiəçisi Artur Sakunts hesab vurğulayıb ki, Ermənistan siyasi təqibə məruz qalan xarici vətəndaşları ekstradisiya edərsə və ya deportasiya edərsə, İnsan Hüquqları üzrə Avropa Konvensiyası qarşısında götürdüyü öhdəlikləri pozmuş olacaq. Konvensiyaya görə, dövlət elə bir ölkəyə insan təhvil verə bilməz ki, həmin ölkədə onun işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması ehtimalı mövcuddur.
Sakunts xatırladıb ki, Ermənistanda siyasi sığınacaq haqqında qanun mövcuddur və siyasi təqibə məruz qalan xarici vətəndaşlar bununla bağlı rəsmi qurumlara müraciət edə bilərlər. Onun sözlərinə görə, bir çox hallarda siyasi təqibi sübut etmək çətin deyil, çünki insanlar hakimiyyətin tənqidinə, ordunun nüfuzdan salınması ittihamlarına, mitinqlərdə iştirakına və digər ictimai fəaliyyətlərə görə təqib olunurlar.
Qeyd olunur ki, bundan əvvəl də Ermənistan hüquq-mühafizə orqanlarının Rusiyanın sorğusu əsasında Rusiyadan köçmüş bəzi fəalları saxladığı hallar olub. Belə ki, Vanadzor Helsinki Vətəndaş Assambleyasının məlumatına görə, 28 fevral 2023-cü ildə “Zvartnots” hava limanında Rusiyada axtarışda olan Nikita Kamenski saxlanılıb. O, Moskva metrosunda pasifist qraffiti çəkdiyinə görə vandalizmdə ittiham olunurdu. Saxlanıldıqdan sonra 17 aprelədək ölkəni tərk etməmək şərti ilə azadlıqda qalıb. Rusiya onun ekstradisiyasını tələb etsə də, hüquq müdafiəçilərinin köməyi ilə Ermənistanı tərk edə bilib.
Ən son məlumatına görə, Ermənistan Rusiyanın ekstradisiyasını tələb etdiyi Rusiya vətəndaşı Vladimir Uxalovu martın 8-də həbsdən azad edib. Digərləri iki nəfərlə bağlı xəbər verilmir. /Musavat.com/