Elbəyi Həsənli
Sürix
(əvvəli BU LİNKDƏ)
1993-cü il sentyabrın 6-da səhər tezdən Türkiyə tərəfindən Ermənistan istiqamətində atəş açıldı. Rusiyanın Ermənistandakı sərhəd müdafiə qüvvələrinin komandanı general-mayor Aleksandr Babenko bəyan etdi ki, onun qərargahı Türkiyə ordusunun Ermənistan-Türkiyə sərhədində zirehli texnika və artilleriya ilə təchiz edilmiş əlavə diviziyasının olmasından narahatdır. O, bildirib ki, həmin bölmələr ərazidə mühəndis işləri aparır. Sərhəd müdafiə qüvvələrinin mətbuat xidməti isə bəyan etdi ki, komandanlıq sərhəddəki vəziyyəti izləyir və 1921-ci il Qars müqaviləsinə uyğun olaraq münaqişəli vəziyyətin qarşısını almaq üçün tədbirlər görür.
Belə bir ortamda Baş nazir Tansu Çillər ermənilərin Naxçıvana hücum edəcəyi təqdirdə Türkiyənin Ermənistana qarşı müharibəyə başlaması üçün Türkiyə parlamentə müraciət edəcəyini bildirdi.
Ermənistan Təhlükəsizlik Şurasının iclası çağırıldı. Sentyabrın 6-da telefon danışığı zamanı Ter-Petrosyan və Dəmirəl Ermənistan-Türkiyə sərhədində türk qüvvələrinin artırılmasını müzakirə etdilər. Baş nazir Tansu Çillər Ermənistanı Türkiyə Azərbaycanın işğalını “qolu bağlı” şəkildə müşahidə etməyəcəyini deməklə rəsmi İrəvanı yenidən hədələdi.
Sentyabrın 13-də Türkiyə qırıcıları Ermənistan-Türkiyə sərhədi boyunca, Armavir bölgəsində müşahidə uçuşları həyata keçirdi və Ermənistan istiqamətində iki dəfə atəş açıldı.
1992-ci il sentyabrın 30-da Ermənistanla Rusiya arasında imzalanmış müqaviləyə əsasən, Rusiya öz üzərinə Ermənistanın Türkiyə və İranla sərhədlərinin təhlükəsizliyini təmin etmək öhdəliyi götürmüşdü. Moskvada qısamüddətli işgüzar səfərdə olan Ter-Petrosyan sentyabrın 15-də Rusiya prezidenti Boris Yeltsinlə görüşdü. Həmin gün Ermənistan prezidenti və dövlət naziri Vazgen Sarkisyan rusiyanın müdafiə naziri (1992-1996) Pavel Qraçovla bir araya gəldi.
Fransa elə o vaxt da Azərbaycana qarşı yaramaz siyasət yeridirdi. Belə ki, 1993-cü ilin oktyabrın 7-də Fransanın Ermənistandakı səfiri Frans de Hartinq sərhədyanı rayonlara səfər edib. O, Ermənistan-Türkiyə sərhədi, Ermənistanı Türkiyə ilə birləşdirən kommunikasiya yolları və Türkiyənin Ermənistan sərhədlərinə doğru yönəlmiş hərbi manevrlərinə xüsusi maraq göstərirdi. Fransa da müxtəlif kanallarla Türkiyəni Azərbaycanı müdafiə etməkdən çəkindirməyə çalışırdı.
Yunanıstanın Ermənistandakı ilk səfiri, Avropa İttifaqının sədrliyini də təmsil edən Leonidas Xrizantopulos öz xatirələrində yazır ki, Türkiyə 1993-cü ildə “kürd problemini bəhanə edərək Ermənistana məhdud xarakterli hücumlar həyata keçirmək üçün hazırlıq görürdü”...
Belə qaynar proseslərin getdiyi bir vaxtda 21 sentyabr 1993-cü ildə Rusiyanın alkoqolik prezidenti Boris Yeltsen (1991-1999) Rusiya parlamentini buraxdı.
Buna cavab olaraq, spiker Ruslan Xasbulatov və vitse-prezident Aleksandr Rutskoy başda olmaqla Rusiya deputatları Yeltsinin istefasını tələb etdilər. Rutskoy prezident vəzifəsini icra etməyə başladığını açıqladı.
Rusiyada qeyri-müəyyən vəziyyət yarandı. Oktyabrın 4-də səhər Rusiya hərbi qüvvələrinin bir neçə elit diviziyası Yeltsini dəstəkləmək qərarına gəldi. Tanklar Moskvanın mərkəzinə yeridildi. Rusiya parlamenti top atəşinə tutuldu və bina ələ keçirildi. İki yüzə yaxın insan həlak oldu, yüzlərlə insan yaralandı...
Bu məqam xüsusi önəm daşıyır. Niyə? Çünki 15 gün ərzində Rusiya “kim-kimi” dilemması ilə üz-üzə qaldı. Bu, Türkiyəyə hərəkətə keçmək üçün ciddi imkan yaratdı. Ter-Petrosyan Türkiyənin mümkün hücumundan müdafiə olunmaq üçün Ermənistan silahlı qüvvələrini maksimum hazır vəziyyətə gətirdi. O vaxt Yunanıstanın Ermənistandakı səfiri Xrizantopulos yazırdı: “Ter-Petrosyan bir neçə mənbədən əldə etdiyi məlumata əsasən əmin idi ki, Türkiyə Rusiya daxilində baş verən ciddi hadisələrdən istifadə edərək Ermənistanı işğal etmək üçün ya kürd məsələsini, ya da Naxçıvanın müdafiəsini bəhanə edəcək. Onda Türkiyə Milli Təhlükəsizlik Şurasının yaxınlarda Türkiyə ordusunun PKK silahlılarını məhv etmək üçün İraq və Ermənistana soxulma ehtimalını araşdırdığına dair kəşfiyyat məlumatları var idi”.
Ermənistandakı Fransa səfiri oktyabrın 11-də Fransa kəşfiyyat mənbələrinin məlumat daxil olmuşdu. Məlumatda deyilirdi ki, Ruslan Xasbulatovla Ankara arasında razılıq əldə olunub ki, o, qalib gələrsə, kürd məsələsini bəhanə edərək Türkiyəyə Ermənistana məhdud xarakterli hücumlar həyata keçirməyə icazə verəcək. Fransanın kəşfiyyat mənbələrinə görə, Türkiyənin Ermənistana müdaxiləsi Xasbulatovun Rusiya qoşunlarını Ermənistandan çıxarmasından dərhal sonra baş verəcəkdi. Eyni məlumata Amerika da sahib idi...
Gördüyünüz kimi, Türkiyə əməldə müharibəyə qoşulmamışdı. Ancaq Türkiyə nəsə etməyə çalışırdı. Heç şübhəsiz ki, Moskvada Boris Yeltsen yox, Ruslan Xasbulatov qalib gəlsə idi, Ermənistan-Azərbaycan müharibəsinin nəticəsi tam fərqli olacaqdı. Hələ uzaq 1993-cü ildə Türkiyə Cənubi Qafqazda real söz sahibinə çevriləcəkdi. Təəssüf ki, belə olmadı...
Ancaq gec də olsa Azərbaycan öz arzusuna çatdı. I Qarabağ Müharibəsində Rusiya və ABŞ Ermənistanın yanında idi. Hər iki ölkə Türkiyənin Ermənistana hücumunun qarşısını almaq üçün rəsmi Ankaraya təzyiq göstərirdi. İlham Əliyevin böyüklüyü ondadır ki, o, Rusiyanın Ermənistandan tədricən uzaqlaşdırdı, sonda Rusiyanı Ermənistana düşmən, Azərbaycana isə müttəfiq etdi. O boyda Amerikanı Ermənistana dəstək verməkdən çəkindirdi. Bu nəticə də ağlasığmaz bir şeydir. Ən əsası isə İlham Əliyev I Qarabağ Müharibəsi zamanı Azərbaycanı müdafiəsi üçün tərəddüd hissi keçirən Türkiyənin qətiyyətlə Azərbaycana dəstək verməsinə nail oldu...
Əlbəttə, ortada başqa önəmli amillər də var. Məsələn, hərbi sahədə son dərəcə kompitent olan “Stockholm International Peace Research Institute” (SIPRI) yazır ki, Azərbaycan 2011-2020-ci illərdə Ermənistandan 8.2 dəfə çox silah idxal edib. Silah seçimində isə dronlara üstünlük vermək xüsusi alqışa layiqdir.
Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” prinsipinə söykənərək bütövlükdə Türk Dünyasını bir araya gətirmək üçün ciddi addımlar atır. Onu da əminliklə demək olar ki, bir bayrağın altında olan türklər ən mürəkkəb problemlərin həllində ciddi uğurlara imza ata bilərlər. Qarabağ Zəfəri türklərin imza atacağı o böyük layihələrin başlanğıcıdır...
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur