Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir. Cinayət işi üzrə istintaq yekunlaşıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə APA məlumat yayıb.
Bəs uzun illər Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərindən birinə rəhbərlik etmiş, indi isə məhkəmə qarşısına çıxarılacaq Sultan Qasımov kimdir?
Sabiq diplomatın dosyesini təqdim edirik:
DİN-də 28 illik fəaliyyət
Sultan Məhəmməd oğlu Qasımov 19 oktyabr 1959-cu ildə Bakıda anadan olub.
O, 1976-1984-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) Əməyin iqtisadiyyatı fakültəsində ali təhsil alıb. 1979-1981-ci illərdə Daxili Qoşunlarda hərbi xidmət keçib.
S.Qasımovun əmək fəaliyyətinin böyük hissəsi diplomatiyadan əvvəl Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə bağlı olub. O, 1981-2009-cu illərdə DİN sistemində müxtəlif vəzifələrdə çalışıb. 1993-1997-ci illərdə DİN-in Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil alıb. Mayor rütbəsinədək yüksəlib.
2006-2009-cu illərdə isə DİN xətti ilə Azərbaycanın Rusiyadakı səfirliyinə ezam olunub.
Azərbaycanın Yekaterinburqdakı ilk baş konsulu
Sultan Qasımovun diplomatik karyerasında mühüm mərhələ 2009-cu ildə başlayıb.
25 iyun 2009-cu ildə Sultan Qasımov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycanın baş konsulu təyin edilib. Beləliklə, o, Azərbaycanın Yekaterinburqdakı ilk baş konsulu olub.
Qasımov 2009-2016-cı illərdə Yekaterinburqda diplomatik fəaliyyət göstərib.
Həmin illərdə onun adı Azərbaycan-Rusiya münasibətləri, Sverdlovsk vilayəti ilə əlaqələr və Rusiyada yaşayan azərbaycanlılarla bağlı müxtəlif tədbirlər və açıqlamalarda hallanıb.
Sankt-Peterburqa keçidi
2016-cı ildə Sultan Qasımovun diplomatik fəaliyyətində yeni mərhələ başlayıb.
2016-cı il mayın 3-də Sultan Qasımov Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki baş konsulu təyin edilib. Bundan əvvəl o, Yekaterinburqdakı baş konsul vəzifəsindən geri çağırılmışdı.
Sankt-Peterburqda Qasımov təxminən 8 il Azərbaycanın baş konsulu kimi fəaliyyət göstərib.
Bu dövrdə onun Sankt-Peterburq və Rusiyanın digər regionlarının rəsmi şəxsləri ilə görüşləri, Azərbaycan diasporu ilə tədbirləri və iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı çıxışları baş konsulluğun rəsmi məlumatlarında geniş yer alıb.
Sultan Qasımovun Sankt-Peterburqdakı fəaliyyəti dövründə onun adı ictimaiyyətin diqqətini çəkən hadisələrdən birində də gündəmə gəlib.
2017-ci ilin mayında Sankt-Peterburqda “Ölməz alay” yürüşü zamanı azərbaycanlılarla ermənilər arasında insident baş verib. Hadisə ilə bağlı saxlanılan azərbaycanlıların sərbəst buraxıldığını həmin vaxt baş konsul Sultan Qasımov açıqlamışdı.
2024-cü ildə vəzifədən geri çağırıldı
Sultan Qasımov birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malik olub.
2019-cu il iyulun 9-da “Tərəqqi” medalı ilə təltif edilib.
Onun Sankt-Peterburqdakı diplomatik fəaliyyəti 2024-cü ildə başa çatıb.
2024-cü il oktyabrın 21-də dövlət başçısının sərəncamı ilə o, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsindən geri çağırılıb.
Beləliklə, Qasımov ümumilikdə 15 ilə yaxın Rusiyada Azərbaycanın baş konsulu kimi fəaliyyət göstərib: əvvəlcə 2009-2016-cı illərdə Yekaterinburqda, daha sonra 2016-2024-cü illərdə Sankt-Peterburqda.
İndi isə məhkəmə qarşısında
Diplomatik fəaliyyəti “Tərəqqi” medalı ilə qiymətləndirilmiş və uzun illər Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəliklərindən birinə rəhbərlik etmiş Sultan Qasımov hazırda tamamilə fərqli səbəbdən gündəmdədir.
O, külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir.
Yayılan məliumata görə, Sultan Qasımovun cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. İstintaqın nəticələrinə əsasən, sabiq diplomata Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.
Məlumatda bildirilir ki, cinayət işi üzrə zərərçəkənlərə 200 min manatdan çox ziyan dəyib. Ziyanın bir hissəsinin istintaq dövründə ödənildiyi bildirilir. İşə yaxın vaxtlarda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılması gözlənilir./modern.az