Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi


Azərbaycanlı təhsil mütəxəssisi Sevinc Məmmədova ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Corc Vaşinqton Universitetində (George Washington University) prorektor (Associate Provost) vəzifəsinə təyin olunub.

Turkustan.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, yeni vəzifəsində Sevinc Məmmədova Corc Vaşinqton Universitetinin akademik və institusional inkişafı ilə bağlı istiqamətlər üzrə fəaliyyət göstərəcək.

S.Məmmədova yeni vəzifəsi ilə bağlı sosial media hesabında paylaşım edərək bu təyinatdan məmnunluğunu ifadə edib, yeni fəaliyyət mərhələsində ona dəstək olan hər kəsə təşəkkür edib.

O, bundan əvvəl Corc Vaşinqton Universitetində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərib və universitetlərarası əməkdaşlığın, beynəlxalq təhsil proqramlarının və akademik tərəfdaşlıqların inkişafına töhfə verib.

Onun fəaliyyətinin mühüm istiqamətlərindən biri Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Corc Vaşinqton Universiteti arasında həyata keçirilən ikili diplom proqramının inkişafı olub. Proqram Azərbaycan və ABŞ arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, müəllim hazırlığının beynəlxalq standartlara uyğunlaşdırılması və tələbələr üçün yeni akademik imkanların yaradılması baxımından əhəmiyyətli layihələrdən biridir.

Sevinc Məmmədovanın bu əməkdaşlığın inkişafında iştirakı Azərbaycan ali təhsilinin beynəlxalq tərəfdaşlıqlarının gücləndirilməsi və Azərbaycan universitetlərinin qlobal akademik şəbəkələrə inteqrasiyası baxımından da diqqət çəkir. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ