Yeni bir elmi araşdırma göstərir ki, səhərlər tez-tez içilən qəhvə təkcə oyadıcı təsirə malik deyil, həm də daha dərin bioloji funksiyalara sahib ola bilər.
Turkustan.az xəbər verir ki, İrlandiyada aparılan tədqiqat qəhvənin bağırsaq bakteriyalarını tənzimləyərək stress, depressiya və yaddaşa təsir göstərə biləcəyini ortaya qoyub.
Qəhvə həvəskarları üçün sevindirici nəticələr bağırsaq-beyin oxu ilə bağlı geniş araşdırmalardan əldə olunub. İrlandiyanın Kork Universitet Kollecində fəaliyyət göstərən APC Microbiome Ireland tədqiqatçıları qəhvə istehlakının bağırsaq-beyin oxuna təsirini araşdırıblar.
“Nature Communications” jurnalında dərc edilən araşdırmada 62 iştirakçı analiz edilib. Nəticələr qəhvənin həzm sistemindəki faydalı bakteriyalara müsbət təsir göstərdiyini və ümumi psixoloji rifaha töhfə verə biləcəyini göstərib.
Tədqiqat çərçivəsində gündə 3–5 fincan qəhvə içən iştirakçılardan iki həftə qəhvədən uzaq durmaları istənilib. Bu müddətdə alimlər onların bağırsaq mikrobiomunda nəzərəçarpacaq dəyişikliklər müşahidə ediblər. Qəhvə istehlakı yenidən başladıqdan sonra isə iştirakçılar həm kofeinli, həm də kofeinsiz qəhvə qəbulunda stress, depressiya və impulsivlik səviyyələrində azalma hiss etdiklərini bildiriblər.
Aytən Yaşar/ Turkustan.az