Azərbaycanda dərman qiymətlərinin digər ölkələrlə müqayisədə yüksək olması uzun illərdir müzakirə olunan məsələlər sırasındadır. Xüsusilə Türkiyə ilə müqayisədə bir sıra preparatların daha baha satılması vətəndaşların diqqətini çəkir.
Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əlibala Məhərrəmzadə bildirir ki, Azərbaycanda dərmanların baha olmasının əsas səbəblərindən biri xaricdən gətirilən preparatların ölkəyə daxil olarkən əlavə xərclərlə yüklənməsidir: “Xarici ölkələrdə istehsal olunan dərmanların əksəriyyətinin satışında dövlət dotasiyası var. Amma həmin preparatlar Azərbaycana gətirilərkən şirkətlər onları daha baha qiymətə alırlar.
Məsələn, bir dərman preparatının qiyməti Türkiyədə 10 manatdırsa, bizim şirkət həmin dərmanı oradan 15 manata alıa bilir. Burada isə üzərinə təxminən 36 faiz vergi və digər bütün proseslər əlavə olunur. Nəticədə preparatın qiyməti demək olar ki, iki dəfə artır. Daha sonra həmin dərmanı satan distribütor şəbəkəsinin müəyyən edilmiş yerlərə paylaması və aptek zəncirinin də üzərinə əlavə etdiyi məbləğlər ümumi qiyməti daha da yüksəldir. Dərmanın baha olmasının əsas səbəbi də bu olur”.

Deputat qeyd edib ki, problemin həlli üçün bir neçə istiqamətdə dəyişikliklərə ehtiyac var: “Bunun çıxış yolları var. Birincisi, həmin dərmanların istehsalının heç olmasa qismən Azərbaycanda həyata keçirilməsidir. İkincisi, Azərbaycan tərəfindən dərman şirkətlərinə və istehsalçılara dotasiyaların verilməsi, vergilərin müəyyən qədər azaldılmasıdır. Ən azı gömrük rüsumlarının və ƏDV-nin qismən azaldılması vacibdir. Bunların hamısı önəmli faktorlardır. Ən vacib məsələ isə bu istehsalın ölkə daxilində formalaşdırılması və inkişaf etdirilməsidir. Bunlar həyata keçirilsə, məncə dərman bazarını tənzimləmək mümkün olar”.
Əlibala Məhərrəmzadənin sözlərinə görə, dərman bazarında idxalçılıq formatı da kifayət qədər güclüdür: “Dərman sahəsi spesifik olduğu üçün bununla çox şirkət məşğul olmur. Əsasən bir neçə şirkət fəaliyyət göstərir və burada müəyyən mənada idxalçılıq üstünlük təşkil edir”.
O bildirib ki, həkimlərin müalicəyə yanaşması da dərman istehlakının artmasına təsir göstərən amillərdəndir: “Həkimlərin də bu məsələyə müəyyən mənada öz şəbəkələri formasında yanaşması var. Hətta həkimlər də dərman qiymətlərinin artmasının səbəblərindən biridir. Mən Azərbaycanda həddindən artıq çox dərman istifadə olunduğunu düşünürəm. Statistikaya baxanda görünür ki, Türkiyədə əhali sayına uyğun nə qədər dərman istehsal olunursa, Azərbaycanda bundan bir-iki dəfə artıq istehlak var və bu, yaxşı vəziyyət deyil”.
Ə. Məhərrəmzadə hesab edir ki, müalicənin əsasən dərman üzərindən qurulması həm iqtisadi, həm də sosial baxımdan problemlər yaradır: “Həkimlərin insanları daha çox dərmana yönləndirməsi və müalicəni əsasən dərman vasitəsilə aparması burada ciddi rol oynayır. Bu isə iqtisadi baxımdan yaxşı hal deyil. Həm ölkədən valyuta axınının artmasına, həm də insanların rifahının yaxşılaşmamasına səbəb olan amillərdən biridir”.

İqtisadçı Natiq Cəfərli isə açıqlamasında Azərbaycanda dərman preparatlarının baha olmasının obyektiv səbəblərinin olduğunu qeyd edib: “Azərbaycanda dərman preparatları bahadır. Bunun obyektiv səbəbi odur ki, bizdə dərman istehsalı yoxdur. Dərmanların hardasa 92-93%-i xaricdən gətirilir və ona görə də bizdə qiymətlər bahadır”.
İqtisadçı qeyd edib ki, bununla yanaşı qiymətlərin aşağı salınması üçün müəyyən mexanizmlərin dəyişdirilməsinə ehtiyac var: “Amma bunun həll edilməsi yolları da var. Tarif Şurasının tənzimləmə mexanizmlərinin özü yanlışdır və Tarif Şurası tənzimləməyə başlayandan qiymətlər ancaq artır. Ona görə də o tənzimləmə mexanizmləri dəyişdirilməlidir”.
Natiq Cəfərlinin sözlərinə görə, dərmanlara tətbiq edilən Əlavə Dəyər Vergisi də qiymətlərə ciddi təsir göstərən amillərdəndir: “Dərman preparatlarına tətbiq olunan ƏDV 18%-dir. Bu, çoxdur. ƏDV istehsalı olmayan ölkələrdə həddindən artıq yüksək omamalıdır”.