"Adi əl sıxaraq salamlaşma, əsas gigiyena qaydalarına riayət edilmədikdə, müxtəlif infeksiyaların ötürülmə yollarından birinə çevrilə bilər".
Turkustan.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-bakterioloq Vera Bondarçuk "İzvestiya" nəşrinə müsahibəsində xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, gün ərzində insanın əlləri bakteriya, virus, göbələk və digər patogen mikroorqanizmlərin ola biləcəyi səthlərlə dəfələrlə təmasda olur. Ən geniş yayılmış çirklənmə mənbələri arasında qapı dəstəkləri, nəqliyyatdakı tutacaqlar, lift düymələri, telefonlar, pul və bank terminalları yer alır.
Ekspert izah edib ki, çirklənmiş səthlə təmas özlüyündə hələ yoluxma demək deyil. Əsas risk o zaman yaranır ki, insan əl sıxdıqdan sonra əlləri ilə üzünə, gözlərinə, burnuna, dodaqlarına toxunur və ya yemək yeyir.
V.Bondarçuk ən təhlükəli halın tualetdən istifadə etdikdən sonra əllərin yuyulmaması olduğunu bildirib. Belə olan halda dəridə bağırsaq infeksiyalarının törədiciləri qala bilər ki, bunlar da təmas vasitəsilə asanlıqla başqa şəxsə ötürülür.
"Çirklənmiş əllər vasitəsilə salmonellyoz, şigellyoz, rotavirus və norovirus infeksiyaları yayıla bilər. Bu xəstəliklər xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və immuniteti zəif olan insanlar üçün daha ağır fəsadlar törədə bilər", - deyə ekspert vurğulayıb.
Həkim həmçinin əlavə edib ki, toxunma vasitəsilə dəri xəstəlikləri və göbələk infeksiyaları da keçə bilər. Lakin hər əl sıxmanı mütləq təhlükə kimi qəbul etmək lazım deyil. Profilaktikanın ən effektiv yolu küçədən, nəqliyyatdan, tualetdən, heyvanlarla təmasdan sonra, həmçinin yemək hazırlamazdan və yeməkdən əvvəl əlləri müntəzəm olaraq sabunla yumaqdır.