“Səhiyyə sistemində diqqət tələb edən mühüm məqamlardan biri də, həm ölkəmizdə, həm də xaricdə tibbi təhsil almış mütəxəssislərin mərkəzlərdə işə başlama prosesidir. Hazırda xaricdə, xüsusilə Türkiyədə, Almaniyada və digər Avropa ölkələrində ixtisaslaşmış həkimlər ölkəmizə qayıdaraq fəaliyyətə başlayırlar və bu, tibb sistemimiz üçün böyük bir potensialdır”.
Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış ürək cərrahı Rəşad Mahmudov bildirib.
O vurğulayıb ki, bu prosesdə müəyyən boşluqlar da diqqət çəkir: “Bəzi mərkəzlərdə yeni işə başlayan, təzə məzun olmuş həkimlərə qurumlar tərəfindən birbaşa geniş səlahiyyət verilir, lakin onların klinik fəaliyyəti üzərində nəzarət edən, bacarıqlarını qiymətləndirən, kritik qərar nöqtələrində dəstək verən və təlim prosesini davam etdirən üst səviyyə mexanizmlər yetərincə qurulmayıb. Bu mexanizmlər olmadığı halda sistem yalnız şəxsi təşəbbüs və şəxsi risk üzərindən işləyir.
Əlbəttə ki, bu vəziyyət müəyyən zaman çərçivəsində həmin mütəxəssislər üçün təcrübə qazanmaq baxımından nisbi fayda kimi düşünülə bilər. Lakin tibbi təhlükəsizlik baxımından sistemin etibarlı şəkildə çalışması üçün yetərli deyil. Çünki tibbi müdaxilələrdə təkcə həkimin şəxsi bacarığı deyil, həm də institusional dəstək, nəzarət və qərar verən strukturların mövcudluğu həyati əhəmiyyət daşıyır”.
Rəşad Mahmudovun sözlərinə görə, Türkiyə, Almaniya və Avropa ölkələrində tətbiq edilən modeldə istər region səviyyəsində, istər universitet klinikalarında, özəl sektorda, istərsə də icbari sığorta çərçivəsində heç bir mərkəz tam nəzarətsiz mexanizmlə işləmir: “Əksinə, müdaxilə edən həkim nə qədər ixtisaslı olsa da, üst mərhələdə sırf o sahədə daha təcrübəli mütəxəssislərdən ibarət bir qurum vəya şəxs olur. Hansı ki;
1) klinik qərarlara nəzarət edir,
2) kritik hallarda dəstək olur,
3)bacarıqları qiymətləndirir,
4)davamlı təlim və tədris prosesini təmin edir,
5) protokol uyğunluğunu izləyir.
Çox maraqlıdır ki, bu nəzarəti təmin edən həkimlər daha yüksək maaş alır, lakin fiziki olaraq az müdaxilə edirlər. Bunun səbəbi isə sadədir: onların funksiyası təlimatı, təhlükəsizliyi və keyfiyyəti qorumaqdır. Tibb sistemində bu mexanizm sadəcə etik deyil, həm də tibbi-hüquqi müstəvidə cəmiyyət üçün qoruyucu funksiyanı yerinə yetirir.
Bu çərçivədə ölkəmizdə də eyni modelin qurulması həm xəstə təhlükəsizliyi, həm həkim inkişafı, həm də sistemin uzunmüddətli dayanıqlığı baxımından vacib addım olar”.
Qeyd edək ki, R.Mahmudov bu fikirlərini sosial şəbəkə hesabında paylaşıb və problemə dövlət qurumlarının diqqətini cəlb etmək üçün Səhiyyə Nazirliyini, TƏBİB-i, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini, Milli Məclisi və parlamentdə özünün də üzv olduğu Səhiyyə komitəsini həştaqla işarələyib. /yenisabah.az/