"Xərçəngin əsas səbəbidir" - HPV peyvəndi Azərbaycanda da tətbiq olunacaq? - VİDEO


Dünyanın bir çox ölkələrində HPV, yəni insan papilloma virusuna qarşı peyvənd illərdir dövlət proqramları çərçivəsində tətbiq olunur və uşaqlıq boynu xərçənginin qarşısının alınmasında effektiv vasitə kimi qiymətləndirilir.

Bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Azərbaycanda isə bu peyvənd mövcud olsa da, hazırda Dövlət Proqramı çərçivəsində tətbiq edilmir və icbari tibbi sığorta paketinə daxil edilməyib. Son günlər HPV peyvəndinin icbari tibbi sığortaya daxil edilə biləcəyi ilə bağlı yayılan iddialar cəmiyyətdə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə insan papilloma virusuna qarşı peyvəndin tətbiqinə dair cəmiyyətin hazırlıq səviyyəsinin öyrənilməsi və qiymətləndirilməsi məqsədilə sorğular davam etdirilir.

"Sorğuların nəticələrindən asılı olaraq peyvənd alınmasına, yaxud da əhali arasında HPV peyvəndinin qadınları uşaqlıq boynu xərçəngindən qorumaq üçün təhlükəsiz və effektiv olması barədə maarifləndirmə işlərinə başlanacaq", - deyə Nazirlik qeyd edib.

Hazırda HPV peyvəndinin Dövlət Proqramı çərçivəsində tətbiq olunmaması onun yalnız məhdud qrup üçün əlçatan olmasına səbəb olur. Mütəxəssislər isə uşaqlıq boynu xərçənginin qarşısının alınmasında bu peyvəndin vacibliyini vurğulayırlar.


MANŞET XƏBƏRLƏRİ