İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi 1 il uzadılır.
Məsələ Milli Məclisin plenar iclasında müzakirə edilən “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qanuna əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.
Dəyişikliyə görə, sözügedən maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Xatırladaq ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.
Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Qeyd edək ki, ilkin tibbi-sanitariya yardımı (İTSY) əhalinin sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması (profilaktika), ilkin diaqnostika, müalicə və reabilitasiya tədbirlərini əhatə edən səhiyyə sisteminin baza mərhələsidir.
Bu xidmət əsasən poliklinikalar, ailə sağlamlıq mərkəzləri və kənd həkim məntəqələri tərəfindən yerinə yetirilir.
“Tibbi sığorta haqqında” Qanunda dəyişikliklə insanların xəstəxanalara əlçatanlığı azalacaqmı və poliklinika həkimi xəstəxada çalışan həkim qədər xəstəni sağaldacağına zəmanət verə biləcəkmi?
Məsələ ilə bağlı tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, icbari tibbi sığortanı qərb standartlarında olduğu kimi tətbiq etməliyik:

“Burada “randevu” sistemi, fiks olunmuş maaşlar sistemi, nozoloji vahidlərin dəqiq müəyyənləşməsi sistemi və s. öz əksini tapmalıdır. Problemin ən böyüyü “randevu” sistemindədir.
Xəstə bilməlidir ki, hara müraciət etsin, necə etməlidir. İlk növbədə açıq-aydın növbəlilik, elektron sistemi qurulmalıdır. Bu qurulmasa xaos, narazılıq yenə artacaq.
İkincisi, poliklinikaları saxlasaq yaxşı olar. Bunlar ilkin müraciət yerləridir. Bəzi xəstələrin sənədləşmələri orada aparılır. Uşaqlara peyvəndlər orada vurulur. Yəni ilkin sənədləşmə təmas yeri olduğu üçün poliklinikalar qalmalıdır.
Bu gün sahə həkimləri institutu darmadağın olub. Heç olmasa, sahə həkimləri institutu olmalıdır. Çünki bu institut olsa, icbari tibbi sığorta daha effektiv işləyə biləcək. Ona görə də insanlar yaşayış yeri üzrə poliklinikalarda bilməlidirlər ki, hara müraciət etməlidirlər.
Eləcə də icbari tibbi sığortada hər hansı bir növbə alırlarsa, mütləq elektron növbəlilik olmalıdır. Hamı poliklinikaya gəlib sıxlıq yaratmamalıdır. Bəzi “check-up” (Ümumi sağlamlıq kontrolu) müayinələri, skrininq müayinələri, planla olan növbəlilik sistemi ilə bağlı poliklinikaya getmək lazım deyil.
Onun üçün elektron növbəyə yazılmaq kifayətdir. Ancaq ilkin müayinə üçün mütləq poliklinikaya gedilməlidir. Həkim ona baxmalıdır. İcbari tibbi sığorta üzrə hara müraciət etməyini müəyyən etməlidir. Bu sistemi qurmaq lazımdır ki, fəaliyyət göstərsin”.