“Qaymaqlı şor” adı altında bunlar satılır – “Xalqı aldatmayın!“ + VİDEO


“Şorun üzərinə “qaymaqlı şor” yazırıq, amma tərkibində qaymaqdan əsər yoxdur. Marketlər məhsul qəbul edərkən mütləq tərkibi ilə içərisi üst-üstə düşməyinə diqqət etməlidir. Təəssüf ki, bəzi müvafiq qurumlar buna diqqət etmirlər, barı biz diqqət edək….”

Turkustan.az xəbər verir ki, bu sözləri kulinar-texnoloq Mübariz Vəliyev deyib. O, istehlakçıları məhsulların tərkibini diqqətlə yoxlamağa çağırıb:

“Məhsulu istehsal edən şirkətlər Ramazan ayında xalqımızı aldatmasınlar!

Məsələn, “qaymaqlı şor” yazılıbsa, tərkib hissəsi bununla üst-üstə düşmürsə, bu məsələyə kim cavab verəcək?

Məsələni öyrənmək üçün telefonla da böyüdüb oxumağa çalışdım. Nəticədə bəlli oldu ki, sadəcə birində palma yağı yazılıb.

Bitki yağı qeyd edilir. Sual yaranır: hansı bitki yağı? Mümkün qədər dəqiq yazılmalıdır. Əgər palma yağıdırsa, “palma yağı” deyə qeyd olunmalıdır. Bu Ramazan ayında insanlar məhsulu sahurda istifadə edirlər, amma düzgün qeyd edilmədikdə onların haqqına girmiş oluruq”.

Kulinar bildirib ki, bəzi məhsullarda “qaymaqlı şor” adı yazılıb, amma tərkibdə yalnız palma yağı və ya digər bitki yağı qeyd olunub:

“Məsələn, bir məhsulun üzərində tərkib belə göstərilib: inək südü, yağsız quru süd, qaymaq, süd yağı əvəz edicisi, palma yağı və onun fraksiyaları, süd mayası, qida duzu, qara çörək otu.

Başqa bir məhsulda isə tərkib çox kiçik yazılıb, oxumaq çətindir: quru süd, maya, duz, qara çörək otu, bitki yağı. Hansı bitki yağı olduğu qeyd edilməyib.

Bəzilərində isə yazılıb: pasterizə olunmuş təbii süd, quru süd, bitki yağı (hansı bitki yağı bilinmir), kəsmik, çörək otu, xörək duzu. Qaymaq isə yazılmayıb.

Xalqımıza düzgün xidmət edək. Müvafiq orqanlarımız var ki, qida məhsullarına diqqət etməlidirlər.

Dəyərli xalqım, buradan sizə müraciət edirəm, məhsul alarkən etiketi diqqətlə oxuyun. Əgər etiketdə tərkib hissəsi ilə bağlı şübhəniz varsa, dərhal müvafiq orqanlara müraciət edin”. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ