Qış fəslinin gəlməsi ilə ölkəmizdə dəm qazından zəhərlənmə hadisələri artıb.
Havaların soyuması səbəbindən evlərdə istilik təchizatları işə düşsə də, təhlükəsizlik qaydaları gözardı edilir. 2026-cı ilin ilk 15 günü ərzində təxminən 6 nəfər dəm qazından həyatını itirib, 8 nəfər isə zəhərlənib.
Bu cür hadisələrin qarşısını almaq üçün həm vətəndaşlar, həm də dövlət tərəfindən hansı qabaqlayıcı tədbirlərin görülməyi tövsiyə olunur? Dəm qazından zəhərlənmə hadisələrinin əsas səbəbləri nələrdir?
Kommunal xidmətlər üzrə ekspert Nüsərt Qasımov “Cebheinfo.az”- a bildirib ki, qaz cihazlarını yanılı qoyub yatmaq olmaz, qaz qovuşaqlarına bu işdən anlamayanları yaxın buraxmaq da təklükəlidir:
“Dəm qazı, metan, propan və digər duru və bərk yanacaqların yanması nəticəsində əmələ gələn karbon monoksitdir. El arasında buna “dəm qazı” deyilir. Buna görə də insanlar maksimum ehtiyatlı olmalıdırlar. Tüstü bacaları uzun illərdir təmizlənmir, sahibləri tapılmır, “JEK” bunu boynuna almır.
“Azəriqaz”, Fövqəladə Hallar Nazirliyi, MTK isə heç biri məsuliyyəti üzərinə götürmür. Beləliklə, əhali təhlükəli zəhərlənmə riski ilə təkbaşına buraxılır. Bu halda əlaqədar təşkilatlar cavab verməlidir. İnsan həyatı bu qədər ucuz olmamalıdır.
İnsan ölməsi yalnız bir ailənin deyil, bir nəslin, bir millətin faciəsidir. Dəm qazından zəhərlənmə hadisələri dəqiq araşdırılmalı, mətbuatda müzakirə olunmalıdır. Təqsirkar kimdir? Ev sahibi, “Azəriqaz”, yoxsa digər strukturlar?
Günahkarlar ciddi məsuliyyətə cəlb olunmalıdır. Çox təəssüf ki, insan ölər, beş-altı nəfər “Allah rəhmət etsin” deyib dağılışıb gedir. Belə olmaz. İnsanlara dəyər vermək və onları qorumaq lazımdır”.
Ekspert bildirib ki, dəm qazından qorunmaq üçün metan qazına (yəni təbii qaza) etil merkaptan qatqısı vurulmalıdır:
“Yayda hər kub metrə 8 qram, qışda isə 16 qram vurulmalıdır. Bu, qazın iyini insanların hiss etməsi üçün vacibdir. Əks halda, qaz iyisiz çıxır və insanlar xəbərdar olmur.
Həmçinin, insanların da müəyyən günahı var, qazı açıq qoyub yatmaq olmaz. Lisenziyası və sertifikatı olmayan şəxslərin qazla bağlı təmir və quraşdırma işləri görməsi qəti qadağandır. Bu tələblərə məhəl qoyulmur. Qaz yalnız metal borularla çəkilməlidir, rezin və plastik borularla şəbəkəyə qoşulması qəti qadağandır.
“Azəriqaz”ın xəbəri və iştirakı olmadan abonentlər təmir işləri görməməlidir. Qaz cihazları əlavə şəbəkəyə qoşulmamalıdır. Qaz mədəndən qatqılarla birlikdə çıxır. Bu səbəbdən Qaradağda qaz emalı zavodu var. Qaz oraya göndərilməli, təmizlənməli və sonra əhaliyə ötürülməlidir.
Təəssüf ki, zavod 1950-ci illərdə tikilib və maksimum sutkalıq gücü 7–8 milyon kubmetr tənzimlənmədir. Halbuki, bugünkü Azərbaycan əhalisi soyuq havalarda 30 milyon kubmetrdən çox qaz istifadə edir. Deməli, qazın bir hissəsi təmizlənməmiş halda əhaliyə ötürülür. Bunu qeyri-ekspertlər də görə bilərlər. Hətta evdar qadınlar da müşahidə edirlər ki, qaz yananda içindən sarı məşəllər çıxır.
Bu, düzgün deyil, qaz təmiz göy və yaşıl alovla yanmalıdır. Sarı alov isə zəhərlənməyə səbəb olur”. Qeyd edək ki, 15 yanvarda Naxçıvanda Ahmet və Buşra adlı türkiyəli tələbələr də dəm qazından zəhərlənərək ölüblər. Paytaxtın Yasamal rayonunda isə yaşlı gənc dəm qazından boğularaq ölüb.