Qrip virusunun sürətlə yayılması əhalinin sağlamlığı ilə bağlı ciddi narahatlıqlar yaradıb. Xüsusilə, soyuq hava şəraitində yoluxma hallarının artması fonunda pulsuz dərman paylanmasının mümkünlüyü maraq doğurur. Bəs pulsuz dərman təminatı yayılan virusun qarşısını ala bilərmi ?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, son dövrlər qripə yoluxma hallarının artması əsasən havanın kəskin şəkildə sərtləşməsi ilə bağlıdır:
“Havanın qəfil dəyişməsi soyuqdəymə və qrip hallarının artmasına səbəb olur. Lakin müalicə zamanı əsas problemlərdən biri pasiyentlərin təyin olunan müalicə kursuna tam əməl etməməsidir.”
Həkimin sözlərinə görə, qrip zamanı adətən 5–10 günlük müalicə təyin olunsa da, bir çox pasiyentlər 2–3 gündən sonra özlərini nisbətən yaxşı hiss etdikdə dərman qəbulunu dayandırırlar:
“Pasiyentlər 3 gündən sonra vəziyyətləri yaxşılaşan kimi preparatlardan istifadəni unudurlar. Bu isə xəstəliyin tam sağalmamasına, yenidən kəskinləşməsinə və virusun daha geniş yayılmasına səbəb olur.”
Günay Lətifova qeyd edib ki, dərmanların pulsuz paylanması hazırda real görünmür. Əsas problem dərmanların əlçatanlığından çox, müalicənin sona qədər davam etdirilməməsi ilə bağlıdır:
“Xəstələrin müalicəni yarımçıq saxlaması virusun yayılmasını sürətləndirən əsas amillərdəndir.”
Terapevt vurğulayıb ki, qripin yayılmasının qarşısını almaq üçün pasiyentlər həkim təlimatlarına ciddi əməl etməli və müalicə kursunu tam şəkildə başa çatdırmalıdırlar.
