Diqqət ! Azərbaycanda bu dərmana qadağa qoyuldu - RƏSMİ


Son zamanlar sosial şəbəkələrdə kardioloji xəstəliklər üzrə həyati əhəmiyyət daşıyan “Varfarin Stada” preparatının idxalında çətinliklər yarandığı və bunun Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən qaynaqlandığı, həmçinin AEM-in bu DV-nin idxalına qadağa qoyması barədə iddialar yayılıb.

Turkustan.az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi sözügedən dərmanın ölkəyə idxalının qadağan edilməsi ilə bağlı iddialara münasibət bildirib.

Qeyd edilib ki, Səhiyyə Nazirliyi və onun qurumları dərman idxalı ilə məşğul deyillər. Ölkəyə dərman vasitələrini özəl şirkətlər idxal edir: “Konkret “Varfarin”ə gəldikdə isə, bildiririk ki, bu iddialar əsassızdır. “Stada Azerbaycan” MMC tərəfindən Analitik Ekspertiza Mərkəzinə 11 fevral tarixində göndərilən müraciətə baxılıb və onlara yararlılıq müddəti 5 il olan “Varfarin” dərman vasitəsinin idxalına icazə verilməməsinin səbəbi mart ayında verilən cavabda geniş izah edilib.

Bildirilib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.16.2. bəndinə əsasən idxal olunan dərman vasitələri (dövlət qeydiyyatı məqsədilə idxal edilən, sərgidə nümayiş etdirilmək üçün nəzərdə tutulan, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri istisna olmaqla) dövlət reyestrinə daxil edilmədikdə və ya dərman vasitələrinin idxalına icazə verilənədək dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdə dərman vasitələrinin idxalına icazənin verilməsindən imtina edilir.

Hazırda adı qeyd edilən dərman vasitəsinin (“Varfarin Stada” 2,5 mq N250) öncəki qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin 01.10.2024-cü il tarixdə bitdiyini, eləcə da davam etməkdə olan yenidən qeydiyyat prosesi üzrə verilmiş 03.03.2025-ci il tarixli 27561/24 nömrəli Ekspertiza rəyində sözügedən dərman vasitəsinin yararlılıq müddətinin 3 il olaraq qiymətləndirildiyini nəzərə alaraq, onun əvvəlki qeydiyyat vəsiqəsinə uyğun olaraq istehsal edilmiş partiyalarının idxalı məqsədəuyğun hesab edilmir. Yəni söhbət yararlılıq müddəti 5 il olan DV-nin idxalına icazə verilməməsindən gedir.

Bəri başdan qeyd edirik ki, artıq bu dərman vasitəsi aprelin 7-də yeni qeydiyyat vəsiqəsi alıb və yararlılıq müddəti 3 il olan “Varfarin” dərman vasitəsi istənilən qədər idxal edilə bilər. “Varfarin Stada” dərman vasitəsi 07.04.2025-ci ildə DV №25-00442 nömrəli yeni qeydiyyat vəsiqəsi alıb, hansı ki, burada onun yararlılıq müddəti ekspertiza rəyinə əsasən 3 il olaraq qeyd edilib”.

Bakupost.az


MANŞET XƏBƏRLƏRİ