“Danimarka və İsveçin baş nazirləri Norveçin baş naziri və Finlandiya prezidentini Vladimir Putinlə telefon danışığı apardıqlarına görə tənqid ediblər. Bu məqam Avropada Rusiya ilə münasibətlər məsələsində mövcud olan fikir ayrılıqlarından xəbər verir”.
Turkustan.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Akop Badalyan deyib.
O qeyd edib ki, sözügedən vəziyyət “kollektiv Qərb” ifadəsinin nə qədər qeyri-adekvat olduğunu və siyasi reallıqlardan nə dərəcədə uzaq qaldığını göstərir:
“Nəzəri baxımdan Avropanın ikili oyun oynayaraq Putini hansısa “tələyə” salmağa çalışdığını da istisna etmək olmaz. Lakin bu, çox sadəlövh fərziyyə və ya yanaşma olardı. Xüsusilə də nəzərə alsaq ki, söhbət hansısa təcrübəsiz prezidentdən deyil, siyasi təcrübəsi kifayət qədər böyük olan Putindən gedir. Nə qədər təcrübəli, hətta nə qədər hiyləgər olsa da, məlum deyimdə deyildiyi kimi, tülkü də bəzən hər iki ayağı ilə tələyə düşür. Bununla belə, belə bir oyun çox bəsit olardı”.
Siyasi şərhçi qeyd edib ki, Avropada maraqların bu dərəcədə toqquşmasının mümkünlüyünü təsəvvür etmək çətindir:
“Digər tərəfdən, Amerikanın təhlükəsizlik çətiri Avropanın üzərindən götürüldükdə, günəş altında yer tapmaq uğrunda mübarizə öz-özünə kəskinləşir”.
Xatırladaq ki, Finlandiya Prezidenti Aleksandar Stubb və Norveçin Baş naziri Yunas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayıblar. Telefon danışığını şərh edən Stubb bildirib ki, müzakirələr birbaşa və konkret məsələlər ətrafında aparılıb. O, Rusiyanın Finlandiya və Norveçlə qonşu olduğunu xatırladaraq, müharibənin hansı şərtlərlə başa çatmasının təkcə bu iki ölkənin deyil, bütövlükdə Avropa İttifaqının (Aİ) təhlükəsizliyi baxımından əhəmiyyət daşıdığını vurğulayıb. Finlandiya liderinin sözlərinə görə, müharibənin dayandırılması üçün tərəflər arasında birbaşa danışıqların aparılması zəruridir. /Globalinfo.az/