Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində iştirak etmədiyi, lakin bütün qərarların onunla razılaşdırılması tələb olunduğu üçün qurumdan kənarlaşdırılmalıdır.
Turkustan.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə KTMT-nin keçmiş baş katibi Nikolay Bordyuja bəyan edib.
Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
Ermənistan 2024-cü ildə təşkilatın nizamnaməsində nəzərdə tutulmamasına baxmayaraq, öz iştirakını "dondurduğunu" elan edib və üzvlük haqqını ödəməyi dayandırıb.
"Əgər onlar iştirakını dayandırır, lakin çıxmırlarsa, KTMT-nin tamhüquqlu üzvü olaraq qalırlar. Tamhüquqlu üzvdürlərsə, deməli, bütün qərarlar (KTMT-də isə qərarlar konsensusla qəbul edilir) onların mövqeyi nəzərə alınmaqla qəbul edilməlidir. Bu gün isə həmin mövqe, mahiyyətcə, KTMT-də görülən işlərə ziddir", - deyə Bordyuja vurğulayıb.
Keçmiş baş katibin fikrincə, İrəvanın KTMT-dən tamamilə çıxması adiləşdirilmiş addım olardı. Əgər bunu etmirsə, o zaman Ermənistanı təşkilatdan birdəfəlik xaric etmək lazımdır.
"Mən olsaydım, onları xaric edərdim. Üzvlük haqqı ödəmirlər, iştirak etmirlər. Ciddi tərəfdaşdırlarsa, sadəcə təşkilatdan çıxmalıdırlar. Lakin ikili mövqe tutduqlarına görə onları xaric etmək lazımdır", - deyə o əlavə edib.
Xatırladaq ki, bundan əvvəl KTMT-nin baş katibi Taalatbek Masadıkov 11 noyabr 2026-cı il tarixində Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında Ermənistanın xaric edilməsi məsələsinin qaldırıla biləcəyini bildirib.
Onun qiymətləndirməsinə görə, respublika təşkilatın Nizamnaməsinin 20 və 25-ci maddələrini pozur./Musavat.com