Putinlə Avropa liderləri arasında 15 aylıq sükut pozuldu


Rusiya ilə Avropa arasında 15 aylıq diplomatik sükut Finlandiya və Norveç liderlərinin Vladimir Putinlə videokonfransı ilə pozulub.

Turkustan.az xəbər verir ki, görüşdə Ukraynadakı müharibənin mümkün qədər tez başa çatdırılması və Avropanın təhlükəsizliyi məsələləri müzakirə edilib.

ABŞ prezidenti Donald Trampın təşəbbüslərindən sonra Finlandiya prezidenti Aleksandr Stubb və Norveçin baş naziri Yonas Qar Störe Rusiya prezidenti Vladimir Putinlə birbaşa əlaqə qurublar. Görüş ABŞ, Rusiya və Ukrayna arasında Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlar ərəfəsində baş tutub.

Stubb görüşün bütün Avropa İttifaqı adından deyil, Finlandiya və Norveçin öz təşəbbüsü ilə keçirildiyini bildirib. O, Rusiya ilə həmsərhəd olan ölkələrlə gərginliyin artmasının qarşısını almağın vacibliyini vurğulayıb. Finlandiya prezidenti müharibənin bütün Avropanın təhlükəsizliyini təhdid etdiyini və onun mənfi nəticələrinin nəsillər boyu davam edə biləcəyini qeyd edib.

Stubb bildirib ki, görüş zamanı bütün məsələlər Rusiya tərəfinə açıq və aydın şəkildə çatdırılıb. O, həmçinin Ukrayna prezidenti Vladimir Zelenskiyə danışıqlar barədə əvvəlcədən məlumat verildiyini açıqlayıb.

Finlandiya liderinin sözlərinə görə, Zelenskinin ABŞ, Rusiya və Ukrayna arasında Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlarla bağlı mesajı da Putinlə görüşdə qarşı tərəfə çatdırılıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ