XƏBƏRDARLIQ: 2050-ci ildə 100 milyon insan bu xəstəlikdən əziyyət çəkəcək


Son illərdə nevroloji xəstəliklərin sürətli şəkildə artması narahatlıq doğuran məsələlərdəndir. Mütəxəssislər bunun səbəblərini bir neçə müxtəlif amillərlə əlaqələndirir: genetik faktorlar, ətraf mühitin təsiri, həyat tərzi dəyişiklikləri, stress, yaşlanma və sair. Əlavə olaraq, pandemiya sonrası meydana gələn nevroloji əlamətlər də bu tendensiyanı gücləndirib.

“Cephalalgia" jurnalında dərc olunan bir məqalədə stress, iş və həyat tempinin sürətlənməsi, az yuxu, qeyri-düzgün qidalanma və fiziki aktivliyin azaldığı hallarda nevroloji problemlər, o cümlədən baş ağrıları, migrenlər və depressiya kimi xəstəliklərin artdığı bildirilir.

Eyni zamanda hava çirkliliyi, kimyəvi maddələr və digər ətraf mühit faktorları beyin funksiyalarına mənfi təsir göstərə bilər.

“Bu, nevroloji xəstəliklərin daha tez inkişaf etməsinə səbəb ola bilər. Nevroloji xəstəliklərin bəziləri genetik baxımdan irsi ola bilər və bu, xəstəliklərin daha çox insanda görülməsinə gətirib çıxarır”,- deyə məqalədə qeyd edilib.

2019-cu ildə dərc olunan bir məqalə (The Lancet Neurology, 2019) Alzheimer xəstəliyinin 2050-ci ilə qədər 100 milyona yaxın insanda müşahidə ediləcəyini göstərir. 2020-ci ildə "Journal of Parkinson's Disease" jurnalı Parkinson xəstəliyinin dünya miqyasında yayıldığını və daha çox müalicə yanaşmalarının inkişaf etdirilməsi lazım olduğunu qeyd edir. Bununla yanaşı epilepsiya, baş ağrıları miqren, depressiya, anksiyete pozğunluqları artıb. 2022-ci ildə "The Lancet Psychiatry" jurnalında yayımlanan bir məqaləyə görə, depressiya dünyada iş qabiliyyəti itkisinə səbəb olan əsas faktorlar arasındadır və bu xəstəliyin yayılma sürəti pandemiya ilə artıb.

Eyni zamanda hazırda dünyada 23 milyondan çox insanın nevroloji xəstəliklərin əvvəlcədən mövcud olan amillərindən, xüsusən də COVID-19-un nevroloji fəsadlarından əziyyət çəkdiyi diqqətə çatdırılıb. “Lancet Neurology” elmi jurnalında dərc olunan araşdırmada belə qeyd edilib: “ 1990-cı ildən bəri əlilliyin, xəstələnmənin və vaxtından əvvəl ölümün məcmu yükü həyat keyfiyyətinin dəyərləndirilməsi göstəricisi - DALY indeksi ilə 18% artıb”.

Nevroloji xəstəliklərin artmasının əsas səbəbi nədir?

Nevroloq Qalib Əsədov isə Bizim.Media-ya açıqlamasında COVID-19 epidemiyasının nevroloji xəstəliklərin artmasında rol oynamadığını bildirib.

“Tarix boyu epidemiyalar olub. COVID-19 da qrip növüdür. O, nevroloji xəstəliklərin artmasında rol oynaya bilməz. Sadəcə olaraq psixoloji vəziyyətimizə təsir göstərə bilər. Daha çox gərginlik, aqressiya, narahatlıq şəklində özünü göstərib”.

Nevroloq Alzheimer və Parkinson xəstəliklərinin artmasını belə izah edib:

“İnsanların ömrü uzandıqca, yaşa bağlı nevroloji xəstəliklər, məsələn, Alzheimer, Parkinson və digər demensiya növləri daha çox yayılmağa başlayır. Yaşlı əhalinin artması bu xəstəliklərin statistik olaraq daha çox rast gəlinməsinə səbəb olur.İnsanlar əvvəllər 40,45,50 yaşında ölürdülərsə, indi orta ömür 80 yaş olub. Lakin neyrosifilis, baş-beyin, miningit, infeksional xəstəliklər isə azalıb”,- deyə o vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ