Son aylarda ölkədə ürək-damar xəstəlikləri və qəfil ölümlərin artması ciddi narahatlıq doğurur.
Xüsusilə ictimai nəqliyyatda, küçədə və ya iş prosesində baş verən qəfil ürək tutmaları məsələnin təhlükəli hal aldığını göstərir. Belə hallardan biri də dünən baş verib. Saat 13 radələrində Bakının Müstəqillik küçəsində 10 saylı marşrut xəttinə məxsus avtobusda bir sərnişin qəfil vəfat edib.
Hadisə zamanı dünyasını dəyişən şəxsin 1968-ci il təvəllüdlü paytaxt sakini İbrahim Sabir oğlu Əliyev olduğu müəyyənləşdirilib. İlkin məlumata görə, o, ürək çatışmazlığı səbəbindən həyatını itirib.
Son dövrlərdə ürək problemlərinin artması isə insanların gündəlik sağlamlığına daha çox diqqət yetirməsinin vacibliyini göstərir.
Son ilər ürəklə bağlı problemlərin və qəfil ölümlərin artmasının əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən həkim-kardioloq Gülanə Ağayeva bildirib ki, ürək-damar xətəliklərinin artmasına bir sıra faktorların təsiri var:

“Son illərdə ürək-damar xəstəlikləri, miokard infarktı (ürək tutması) və qəfil ölümlərin artması insanlarda ciddi təşvişə səbəb olur. Bunun bir sıra səbəbləri var. Yaşam tərzimiz əvvəlki illərə nisbətən dəyişib: hərəkətsizlik, stress, yüksək kalorili qidalar və piylənmə ürək xəstəliklərinin ciddi şəkildə artmasına gətirib çıxarıb.
Bundan əlavə, hipertoniya, şəkər xəstəliyi və xolesterinin yüksəlməsi kimi risk faktorları gənc yaşlarda daha çox görünməyə başlayıb. COVID-19 infeksiyası isə insanlar arasında miokardit hallarının, eləcə də damar zədələnməsi və ritm pozğunluğu kimi xəstəliklərin artmasına səbəb olub.
Əlavə risk faktoru isə anadangəlmə ürək xəstəlikləridir ki, bu da uzun müddət simptom vermədən irəliləyə və qəfil ölümlərlə nəticələnə bilər”.
O qeyd edib ki, insanın ürəyində problem olduğunu göstərən bəzi əlamətlər var:
“Bunlar fiziki hərəkət zamanı sinədə ağrı, təzyiq, tez yorulma, tənəffüs çətinliyi və nəfəs darlığı kimi əlamətlərdir. Bəzi hallarda isə ürək döyüntüsünün artması, ritm pozğunluğu, ayaqlarda şişkinlik və gecələr yuxuda nəfəs darlığı kimi simptomlar ürək xəstəliklərinin əlamətləri ola bilər.
Profilaktika üçün ilk növbədə vaxtında icra olunan müayinələr və ürəyin sağlam olduğunu yoxlamaq vacibdir.
Bundan əlavə, sağlam qidalanma, düzgün həyat tərzi, fiziki aktivliyin artırılması, stressin azaldılması və qidalanmanın düzgün qaydada tənzimlənməsi ürək xəstəliklərinin və digər xəstəliklərin risk faktorlarını azaltmağa və sağlam olmağa kömək edir”.