2026-cı ildən icbari tibbi sığorta ilə bağlı bəzi dəyişikliklərin tətbiqi gözlənilir. Maraqlıdır, 2026-cı ildən icbari tibbi sığortaya görə kim pul ödəməyəcək?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, gələn il üçün yalnız bir əsas yenilik nəzərdə tutulur.

Ekspertin sözlərinə görə, hazırda işləyən şəxslər üçün qaydalar dəyişmir: onlar əvvəlki kimi əməkhaqlarının 0,5 faizi həcmində icbari tibbi sığorta haqqı ödəməyə davam edəcəklər.
“Təqaüdçülər və 18 yaşına qədər olan uşaqlar üçün sığorta xidmətləri isə əvvəlki kimi tamamilə pulsuz qalır”.
Cəfərli qeyd edib ki, əsas müzakirə mövzusu işləməyən və gəliri olmayan şəxslərlə bağlıdır. Yeni təklifə əsasən, bu kateqoriyaya daxil olan insanların sığorta haqqının müəyyən hissəsini özlərinin ödəməsi nəzərdə tutulur. Lakin təklif hələ tam qəbul edilməyib.
Ekspert bu məqamın ciddi suallar doğurduğunu vurğulayıb:
“İnsan işləmirsə və gəliri yoxdursa, hətta kiçik məbləğ də olsa, bu sığorta haqqını necə ödəyəcək? Parlamentdə müzakirələr davam edir. Ümid edirəm ki, məntiqli qərar veriləcək, çünki heç bir yerdə işləməyən insanlardan sığorta tələb olunması məntiqə uyğun deyil”, – deyə Natiq Cəfərli bildirib.
Beləliklə, 2026-cı ildən sığorta ödənişindən təqaüdçülər və uşaqlar azad olaraq qalır, işləyənlər əvvəlki qaydada ödəyir, işləməyənlərlə bağlı isə yekun qərar hələ verilməyib.