Türkiyədə casus əməliyyatı - məlumatlar bu ölkəyə ötürülürmüş


Türkiyə hüquq-mühafizə orqanları İstanbulda Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işləyən casus şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirib.

Turkustan.az xəbər verir ki, bu barədə İstanbul Cumhuriyyət Baş Prokurorluğu rəsmi açıqlama yayıb.

Prokurorluğun məlumatına görə, əməliyyat İstanbul Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsi ilə Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyalı fəaliyyəti nəticəsində həyata keçirilib. Araşdırmalar çərçivəsində “siyasi və ya hərbi casusluq” fəaliyyətlərinin deşifrə edilməsi hədəflənib.

Casusluq fəaliyyətləri necə aparılıb?

İstintaq materialına əsasən, BƏƏ-nin kəşfiyyat xidməti Türkiyədə fəaliyyət göstərən bir GSM şirkətindən əldə edilən nömrələr və həmin nömrələrə bağlı saxta profillər vasitəsilə məlumat toplayıb.

Casusluq ilə bağlı toplanan hədəf kateqoriyaları aşağıdakılar olub:

- Türkiyədə müdafiə sənayesi sektorunda kritik vəzifələrdə çalışan rəhbər şəxslər

- Türkiyə Xarici İşlər Nazirliyinin istifadə etdiyi telefon xətti

- Bəzi xarici ölkələrin Türkiyədəki rəsmi nümayəndələri və kritik postlarda çalışan şəxslər barədə bioqrafik məlumatlar.

Bildirilir ki, BƏƏ kəşfiyyatçılarının göstərişi ilə əldə edilən GSM nömrələri üzərindən toplanan məlumatlar Birləşmiş Ərəb Əmirliklərinə ötürülüb. Bu fəaliyyətlərlə əlaqəsi olan və bir-biri ilə rabitədə olduğu aşkar edilən 4 nəfər müəyyən edilib.

Baş Prokurorluq tərəfindən keçirilən əməliyyat zamanı casuslardan 3-ü Türkiyə ərazisində saxlanılıb, digər 1 nəfərin isə xaricdə olduğu müəyyənləşdirilib və onun barəsində həbs-qətimkan qərarı çıxarılıb.

Prokurorluq hadisə ilə bağlı açıqlamasında qeyd edib ki, əməliyyat casusluq fəaliyyətlərinin tamamilə ifşa edilməsi və şəbəkənin zərərsizləşdirilməsi məqsədi daşıyır./modern.az


MANŞET XƏBƏRLƏRİ