Yüksək risk qrupuna daxil olan şəxslərdə ağciyər xərçənginin qarşısını almaq üçün hazırlanmış eksperimental peyvəndin dünyada ilk klinik sınağı başlayıb.
Bunu London Universitet Kolleci və Oksford Universitetinin tədqiqatçıları bəyan edib.
Turkustan.az xəbər verir ki, bu barədə “News Medical Live Sciences” yazıb.
Tədqiqatın birinci mərhələsi optimal peyvənd dozasının müəyyən edilməsinə və təhlükəsizliyinin qiymətləndirilməsinə yönələcək. Sınaqların tənzimləyici orqanların təsdiqindən asılı olaraq 2026-cı ilin yayında başlaması gözlənilir.
London Universitet Kolleci Xərçəng İnstitutunun professoru Maryəm Camal-Hancaninin sözlərinə görə, ağciyər xərçəngi olan insanların on faizindən azı on illik həddi aşır:
"Bu vəziyyət dəyişməlidir və bunun bir yolu xəstəliyi ən erkən mərhələlərində necə dayandırmağı öyrənməkdir".
O, Langvax sınağının ən böyük risk qrupuna daxil olan insanlara peyvənd təklif etmək üçün vacib ilk addım olacağını vurğulayır.
Tədqiqatçılar bədənin peyvəndi necə reaksiya verdiyini, onun tətbiqinin nə qədər asan olduğunu və potensial olaraq kimlərin bundan daha çox faydalana biləcəyini diqqətlə izləyəcəklər.
Professor vurğulayıb ki, profilaktik peyvənd siqareti tərgitməyi əvəz etməyəcək, lakin onun mövcudluğu bəzi xərçəng hallarının baş verməzdən əvvəl qarşısını almağa yol aça bilər.
Ağciyər xərçəngi hüceyrələri normal hüceyrələrdən fərqlənir ki, onların səthində DNT mutasiyalarından yaranan spesifik "həyəcan" zülalları nümayiş etdirirlər.
Neoantigenlər və şişlə əlaqəli antigenlər adlanan bu zülallar xəstəliyin ən erkən mərhələlərində əmələ gəlir. Langvax peyvəndi immun sisteminə dəyişdirilmiş hüceyrələrin səthindəki bu anormal zülalları tanımağı və tam şişlərə çevrilməzdən əvvəl onları məhv etməyi öyrədən bir sıra genetik təlimatlar ehtiva edir.
Bu təlimatların çatdırılması texnologiyası COVID-19 pandemiyası zamanı Oksford Universiteti tərəfindən hazırlanıb və hazırda ağciyər xərçəngi ilə mübarizə aparmaq üçün uyğunlaşdırılıb.
Oksford Universitetinin Langvax layihəsinin həmtəsisçisi professor Sara Blagden qeyd edir ki, ağciyər xərçəngi ən ölümcül xərçəng növlərindən biri olaraq qalır və sağ qalma nisbəti onilliklər ərzində faktiki olaraq dəyişməz qalır.
Yeni peyvənd xəstəliyin irəliləməsinin qarşısını almaq üçün ilk fürsəti təqdim edir. Xərçəng hüceyrələrindəki ən erkən dəyişikliklərə yönəlmiş illərlə aparılan tədqiqatlar indi sınaqdan keçiriləcək.
Birinci mərhələdə alimlər erkən mərhələdə ağciyər xərçəngindən sağ çıxmış və təkrarlanma riski altında olan insanlarda peyvəndin təhlükəsizliyini və effektivliyini öyrənəcəklər.
Bundan əlavə, peyvənd İngiltərədə milli proqramın bir hissəsi olaraq ağciyər xərçəngi müayinəsindən keçən insanlarda sınaqdan keçiriləcək. Nəticələr ümidverici olarsa, sınaq tədricən daha geniş risk qruplarından olan insanları əhatə edəcək. /Cebheinfo.az/