Kimlər ixtisas seçimində iştirak edə bilər, kimlər edə bilməz? - ŞƏRTLƏR


2026/2027-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi avqustun 12-dən 19-dək internet vasitəsilə aparılacaq.

Turkustan.az-ın məlumatına görə, müsabiqəyə buraxılmaq üçün abituriyentlər ilk növbədə müəyyən edilmiş bal tələblərini ödəməlidirlər.

Belə ki, abituriyent imtahan verdiyi ixtisas qrupu və ya altqrupu üzrə 15-dək ixtisas seçə bilər. Müsabiqə şərtlərini ödədiyi halda eyni vaxtda I-IV ixtisas qruplarından biri və ya ikisi, həmçinin V ixtisas qrupu üzrə seçim aparmaq mümkündür.

I, II, III və IV ixtisas qrupları üzrə həm dövlət sifarişli, həm də ödənişli yerlərin müsabiqəsində iştirak etmək üçün abituriyentin ümumi balı azı 200, qəbul imtahanının ikinci mərhələsi üzrə balı isə azı 100 olmalıdır.

Bu göstəricilərdən hər hansı birini ödəməyən abituriyentlər həmin qruplar üzrə ümumi qaydada ixtisas seçimində iştirak edə bilməzlər. Lakin bəzi ixtisaslar üçün daha aşağı müsabiqə şərtləri müəyyənləşdirilib.

I ixtisas qrupu

“Riyaziyyat”, “Fizika” və “Kompüter elmləri” ixtisaslarını seçmək istəyənlərin ümumi balı ən azı 250, ikinci mərhələ üzrə balı isə ən azı 100 olmalıdır.

Meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi, ekologiya mühəndisliyi, kompüter mühəndisliyi, qida mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, informasiya texnologiyaları, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, mexanika mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi üzrə ödənişli yerlərin müsabiqəsinə ümumi balı 150, ikinci mərhələ üzrə balı 50 olanlar qatıla bilərlər. Bu ixtisasların dövlət sifarişli yerləri üçün isə ümumi bal azı 200, ikinci mərhələ üzrə bal azı 100 olmalıdır.

Aqromühəndislik, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı, zoomühəndislik ixtisaslarında həm dövlət sifarişli, həm də ödənişli yerlər üçün ümumi balın 150, ikinci mərhələ balının isə 50 olması kifayətdir.

II ixtisas qrupu

Marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi, turizm işinin təşkili, mühasibat, dövlət və bələdiyyə idarəetməsi, maliyyə, iqtisadiyyat, menecment, beynəlxalq ticarət və logistika, həmçinin nəqliyyatda servis ixtisaslarının ödənişli yerlərinə ümumi balı azı 150, ikinci mərhələ üzrə balı azı 50 olan abituriyentlər buraxılırlar.

Bu ixtisasların dövlət sifarişli yerləri üçün isə ümumi bal 200-dən, ikinci mərhələ üzrə bal 100-dən az olmamalıdır.

III ixtisas qrupu

Muzey, arxiv işi və abidələrin qorunması, sosial iş və regionşünaslıq ixtisaslarının ödənişli yerlərinin müsabiqəsinə ümumi balı 150, ikinci mərhələ üzrə balı 50 olan abituriyentlər qatıla bilərlər.

Həmin ixtisasların dövlət sifarişli yerlərini seçmək üçün ümumi bal azı 200, ikinci mərhələ üzrə nəticə azı 100 olmalıdır.

IV ixtisas qrupu

Ekologiya ixtisasının ödənişli yerlərini ümumi balı azı 150, ikinci mərhələ üzrə balı azı 50 olan abituriyentlər seçə bilərlər. Dövlət sifarişli yerlər üçün 200 ümumi və 100 ikinci mərhələ balı tələb olunur.

Bağçılıq və tərəvəzçilik, baytarlıq təbabəti, bitki mühafizəsi, su bioehtiyatları və akvakultura ixtisasları üzrə həm dövlət sifarişli, həm də ödənişli yerlərin müsabiqəsinə ümumi balı azı 150, ikinci mərhələ üzrə balı azı 50 olanlar buraxılırlar.

İngilis dilində tədris olunan ixtisasları kimlər seçə bilməz?

Dövlət ali təhsil müəssisələrində ingilis dilində tədris olunan ixtisasların müsabiqəsinə, bir qayda olaraq, qəbul imtahanının birinci mərhələsində ingilis dili üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılırlar.

Bu tələb ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin ixtisaslarına şamil edilmir. IV qrup üzrə istisna yalnız Sumqayıt Dövlət Universitetidir, III qrupda isə ümumi istisna ADA Universitetinə aiddir.

III qrupda dövlət ali təhsil müəssisələrinin “Tərcümə (dillər üzrə)”, “Filologiya (xarici dil və ədəbiyyat üzrə)”, “Xarici dil müəllimliyi (dillər üzrə)” və “Beynəlxalq münasibətlər” ixtisaslarını seçmək üçün birinci mərhələdə xarici dil üzrə nisbi bal azı 40 olmalıdır. ADA Universiteti bu tələbdən istisnadır.

Müvafiq dil üzrə 40 nisbi bal tələbini ödəməyən abituriyentlər qeyd olunan ixtisasların müsabiqəsində iştirak edə bilməzlər.

V ixtisas qrupu

V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar üzrə müsabiqə abituriyentin həmin imtahanlarda topladığı yekun bal əsasında aparılır.

Qabiliyyət imtahanı məqbulla qiymətləndirilən ixtisaslarda isə müsabiqə qəbul imtahanının birinci mərhələsi üzrə ümumi bala əsaslanır. Qabiliyyət imtahanından tələb olunan nəticəni əldə etməyənlər müvafiq ixtisasların müsabiqəsinə buraxılmırlar. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ