Bu universitetlərin tələbələri BDU-ya köçürülə bilər – Rəsmi


Özəl ali təhsil müəssisəsində təhsil alan tələbələr müəyyən şərtlər daxilində dövlət universitetlərinə köçürülə bilərlər.

Turkustan.az Modern.az-a istinadən xəbər verir ki, tələbələrin köçürülməsi prosesi Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən həyata keçirilir.

Qaydalara görə, köçürülmə yay tətili dövründə ildə bir dəfə aparılır. Köçürülən tələbələr təhsillərini, bir qayda olaraq, ödənişli əsaslarla davam etdirirlər. Yalnız dövlət hesabına və ya dövlət sifarişi ilə təhsil alıb eyni ixtisas üzrə təhsil müəssisəsini və təhsilalma formasını dəyişən tələbələr üçün istisna tətbiq olunur.

Köçürülmə zamanı tələbənin əvvəllər qazandığı kreditlər nəzərə alınır. Bununla yanaşı, kreditlərin ən azı yarısını toplamayan tələbələrin köçürülməsinə icazə verilmir.

Tələbənin qəbul zamanı topladığı bal köçürülmək istədiyi ixtisas üzrə minimal keçid balından yüksək olmalıdır. Xüsusi qabiliyyət tələb edən ixtisaslara köçürülmə zamanı isə həm buraxılış, həm də qabiliyyət imtahanlarının nəticələri nəzərə alınır.

Qaydalara əsasən, tələbələr yalnız eyni ixtisas qrupu daxilində ixtisaslarını dəyişə bilərlər. Magistratura səviyyəsində isə tələbələrin yalnız ali təhsil müəssisəsini dəyişməsinə icazə verilir, ixtisas və ya ixtisaslaşmanın dəyişdirilməsi mümkün deyil.

Tədris dilinin dəyişdirilməsinə də ümumilikdə yol verilmir. Yalnız ingilis dilindən ümumi təhsil aldığı dilə və ya əksinə keçid hallarında istisna tətbiq edilir.

Bundan başqa, təhsilalma formasının dəyişdirilməsi yalnız həmin ixtisas üzrə müvafiq təhsilalma formasına qəbul aparıldığı halda mümkündür.

Normativ təhsil müddətindən artıq müddətdə təhsil alan tələbələrin köçürülməsinə icazə verilmir. Eyni zamanda, subbakalavr kimi ali təhsil müəssisəsinə qəbul olunan şəxslər yalnız təhsilalma formasını dəyişə bilər, onların başqa ali məktəbə köçürülməsi mümkün deyil.

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqə və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunmuş təhsil proqramlarının məzunları yalnız müəyyən edilmiş ixtisaslara köçürülə bilərlər.

Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alan tələbələrin köçürülməsi isə yalnız həmin təhsil müəssisəsinin nizamnaməsində belə imkan nəzərdə tutulduğu halda həyata keçirilir.

Qeyd edək ki, köçürülmə ilə bağlı müraciətlər elektron qaydada portal.edu.az vasitəsilə qəbul edilir və baxılır.


MANŞET XƏBƏRLƏRİ