“Amerika Birləşmiş Ştatları İrana qarşı addımlarını davam etdirəcəyi təqdirdə neftin bir barelinin 200 dollara yüksəlməsinə hazırlaşmalıdır”.
Bu barədə İranın Yaponiyadakı səfiri Peyman Səadət TASS agentliyinin müxbirinə müsahibəsində bildirib.
“Əgər onlar bu cür davranmağa davam etsələr, biz də təbii olaraq qarşılıq verəcəyik və yaranacaq vəziyyət ABŞ-ningünahı, problemi olacaq. Belə olan halda neftin qiyməti 150-200 dollara qədər bahalaşa bilər. Biz özümüzü lazım bildiyimiz hər cür yolla müdafiə edəcəyik, bu halda onlar neft qiymətlərinin kəskin artımını gözləməlidirlər. Bütün bunlarda günahkar özləri olacaq. Amerika Birləşmiş Ştatlarının sərhədləri yaxınlığında fəaliyyət göstərən biz deyilik. Onlar bizim regionda hərəkət edirlər”, - deyə diplomat qeyd edib.

Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri, iqtisadçı Natiq Cəfərli Musavat.com-a bildirib ki, tərəflər anlaşmanı yekunlaşmaq üzrədir: “Bu gün neftin qiyməti 90 dollardan aşağı düşdü. Hörmüz boğazının açılması ilə ən azı 60 günlük anlaşmanın əldə olunması ehtimalı yüksəkdir. Hətta həftəsonu Avropa şəhərlərindən birində anlaşma imzalana bilər. Neft 200 dollar ola bilməz. Dünya iqtisafiyyatı bu qiyməti qaldıra bilməz. Müharibələr zamanı verbal müdaxilələr olur. İran bunu dünya iqtisadiyyatını qorxudaraq edir, ABŞ isə sakitləşdirərək. Bu, siyasi təbliğat və informasiya müharibəsinin tərkib hissəsidir”.