Türk dünyasının söz sərrafına yeni elmi əsər həsr olunub


Filologiya elmləri doktoru, professor Nizami Tağısoyun “Qazax milli təfəkkürünün Oljas Süleymenov mərhələsi” adlı monoqrafiyası gün üzü görüb. Türk dünyasının böyük oğlu, Qazaxıstanın Xalq şairi, mütəfəkkir ictimai xadim Oljas Süleymenovun 90 illik yubileyinə ithaf olunan və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilən əsər, Azərbaycan-Qazaxıstan ədəbi-mədəni bağlarının öyrənilməsi baxımından elmi hadisə kimi dəyərləndirilir.

212 səhifəlik monoqrafiyada Oljas Süleymenovun bədii-poetik, nəzəri-fəlsəfi, folklor-etnoqrafik və tarixi-epik irsi çoxşaxəli elmi təhlil müstəvisində araşdırılır. Müəllif şairin yaradıcılığında türk etnogenetik yaddaşı, tarixi keçmişin poetik interpretasiyası, fonosemantika, mətn poetikası, köçəri mədəniyyət fenomeni, türk xalqlarının ortaq mənəvi kökləri, eləcə də Azərbaycan–Qazaxıstan ədəbi bağları kimi önəmli istiqamətləri sistemli şəkildə nəzərdən keçirir.

Kitabın elmi redaktoru və ön söz müəllifi Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın həqiqi üzvü Nizami Cəfərovdur. Akademik ön sözdə Nizami Tağısoyun türkoloji araşdırmalarının geniş coğrafiyasını və Oljas Süleymenov irsinin öyrənilməsinə gətirdiyi yeni elmi baxışı yüksək qiymətləndirir.

Monoqrafiyanın rəyçiləri Qazaxıstanın M.Auezov adına Ədəbiyyat və Sənət İnstitutunun şöbə müdiri, professor
Svetlana Ananyeva,
Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı və
Qazaxıstan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-tərcüməçi
Sayat Kamşıgerdir.

Monoqrafiyanın məzmunu yalnız Oljas Süleymenov yaradıcılığının incələnməsi ilə sınırlı qalmır. Əsərdə onun “Az i Ya”, “Gil kitab”, “Yazının dili”, “Tanrının təbəssümü”, “Günəşli gecələr” kimi ünlü əsərlərinin ideya-estetik özəllikləri araşdırılır, qazax milli təfəkkürünün formalaşmasında və Türk dünyasının ortaq mədəni yaddaşının qorunmasında oynadığı rol yeni elmi baxışla dəyərləndirilir. Eyni zamanda Oljas Süleymenovun Azərbaycan dövlət, ədəbiyyat və ictimai xadimləri ilə əlaqələri ayrıca bölmələrdə işıqlandırılır.

Nəşrin mühüm özəlliklərindən biri də kitabın çoxdilli elmi auditoriyaya hesablanmasıdır. Monoqrafiyada rus və ingilis dillərində ayrıca bölmələr yer alır, bu da Azərbaycan ədəbiyyatşünaslığının uğurlarının beynəlxalq elmi dövriyyəyə çıxarılması baxımından önəmlidir.

Professor Nizami Tağısoy uzun illərdir türk xalqları ədəbiyyatı, özəlliklə qazax ədəbi düşüncəsi və Oljas Süleymenov irsi ilə bağlı araşdırmalar aparır. Yeni monoqrafiya həmin elmi axtarışların məntiqi davamı olmaqla yanaşı, Azərbaycan-Qazaxıstan humanitar əlaqələrinin möhkəmlənməsinə xidmət edən elmi töhfə kimi diqqəti cəlb edir. Oljas Süleymenovun yaradıcılığında türk tarixi, milli yaddaş və mədəni kimlik məsələləri professorun öncəki araşdırmalarında da önəmli yer tutmuşdur.

Monoqrafiya filoloqlar, ədəbiyyatşünaslar, türkoloqlar, dilçi alimlər, doktorantlar və ümumən Türk dünyasının ortaq mənəvi irsi ilə maraqlanan oxucular üçün dəyərli elmi qaynaqdır.

“Qazax milli təfəkkürünün Oljas Süleymenov mərhələsi” – bir şairin yaradıcılıq portretindən daha çox, Türk dünyasının ortaq yaddaşına, tarixinə və gələcəyinə yönəlmiş elmi baxışın ifadəsi sayıla bilər.

*
Prof.Dr. Nizami Tağısoyun yeni monoqrafiyasına Əkbər Qoşalının yazdığı RƏYi oxucularla bölüşürük:

Türk dünyasının böyük söz və fikir adamlarını dəyərləndirmək – bir şəxsiyyətin yaradıcılığını incələməklə birgə, bütöv bir sivilizasiyanın yaddaşını, dil qatlarını, tarixi, sosio-mədəni enerjini və gələcək perspektivini oxumaq deməkdir. Bu anlamda professor Nizami Tağısoyun “Qazax milli təfəkkürünün Oljas Süleymenov mərhələsi” monoqrafiyası, ədəbi-tənqidi əsər olmaq etibarı ilə, həm də türk düşüncə tarixinin önəmli bir mərhələsinin sistemli elmi izahıdır.
Monoqrafiyanın ilk diqqət çəkən cəhəti onun mövzu seçiminin aktuallığı və strateji elmi-mədəni önəmidir. Oljas Süleymenov bütövlükdə Türk dünyasının, habelə Avrasiya intellektual məkanının seçkin simalarından biridir. Onun poetik-fəlsəfi irsi, “Az i Ya”dan “Gil kitab”a, “Yazının dili”ndən “Sözün Kodu”na qədər uzanan çoxqatlı yaradıcılığı ədəbiyyat hadisəsi olmaqdan başqa, həm də tarix, dilçilik, etnogenez, mifoloji yaddaş və sivilizasiya dialoqu hadisəsidir. Müəllif bu mürəkkəb və geniş irsi sistemli elmi baxışla araşdırmağa çalışmışdır. Elə monoqrafiyanın annotativ tanıtımından da görünür ki, kitabda Oljas Süleymenovun bədii-poetik, nəzəri-fəlsəfi, folklor-etnoqrafik və tarixi-epik irsi təhlil mərkəzinə çəkilir.
Əsərin başqa önəmli üstünlüyü onun struktur zənginliyi və mövzu ardıcıllığıdır. Monoqrafiyada Oljas Süleymenovun həyatı və ilk qələm təcrübələrindən başlayaraq onun tarixi – poetik yozumları, “Gil kitab”ın tarixi yaddaş yükü, “Tanrının təbəssümü”nün dilçilik və kulturoloji yönləri, “Yazının dili”ndə köçəri obrazı, səhra landşaftı, mətn–hipermətn münasibətləri, konseptosferası, türk-slavyan transmədəni dialoqu, Azərbaycanla ədəbi-mədəni bağları, Xalq yazıçısı ANARla yaradıcılıq münasibətləri və Ümummilli lider Heydər Əliyevlə bağlı məqamlaradək geniş bir xəritə qurulmuşdur. Bu isə göstərir ki, müəllif əsərin predmetinə bir şairin poetik portretindən daha üstün olan çoxşaxəli milli-mədəni fenomen kimi yanaşır.
Türkoloq alim Nizami Tağısoy şair Oljas Süleymenovu haqlı olaraq həm də ictimai-siyasi xadim, filosof, etnoloq, dilçi, kulturoloji düşüncə daşıyıcısı kimi təqdim edir. Monoqrafiyada onun “Nevada–Semipalatinsk” hərəkatı ilə bağlı fəaliyyəti, “Az i Ya” əsəri ətrafında yaranmış böyük polemika, türk və slavyan münasibətlərinə dair fərqli baxışları, qədim türk yazısı və etnogenez məsələlərinə yanaşması geniş kontekstdə şərh olunur. Bu da araşdırmanın sırf ədəbi müstəvidə qapanıb qalmadığını, humanitar elmlərin müxtəlif yönlərini bir araya gətirdiyini göstərir.
Monoqrafiyanın önəmli məziyyətlərindən biri də müəllifin Oljas Süleymenovun yaradıcılığındakı milli ruh ilə bəşəri miqyasın vəhdətini tutarlı şəkildə göstərə bilməsidir. Kitabda aydın görünür ki, Oljas Süleymenov qazax çölünün yovşan qoxusunu daşıyan sənətkardır, lakin bu qoxu yalnız lokal folklor koloritində qapanıb qalmır; o, dünya mədəniyyətləri arasında körpü yaradan, bəşəriliklə türklüyü toqquşdurmayan, əksinə, bir-birinə qovuşduran bir idrak modelinə çevrilir. Müəllif məhz bu həqiqəti diqqətlə izləyir və Oljas fenomenini milli yaddaş çərçivəsinə qapamır, onu açıq sivilizasiya mətnində oxuyur.
Vurğulanmalı cəhətlərdən biri də budur ki, monoqrafiyada Azərbaycan–qazax ədəbi-mədəni bağları ayrıca və dəyərli xətt kimi işlənmişdir. Oljas Süleymenovun Azərbaycan ədəbi mühiti ilə təmasları, Azərbaycan müəlliflərinin ona münasibəti, ölkəmizə səfərləri, yaradıcı çevrələrlə dialoqu, eləcə də Azərbaycan dövlətinin ona verdiyi yüksək dəyər bu kitabda mühüm istiqamətlərdən biri kimi təqdim edilir. Müəllifin göstərdiyi kimi, Oljas Süleymenovun Azərbaycan ictimaiyyəti ilə sıx münasibətləri atdıcıl olmuş, o, ölkəmizdə böyük maraq və rəğbətlə qarşılanmış, 2006-cı ildə “Şöhrət”, 2011-ci ildə “Dostluq”, 2021-ci ildə isə “Şərəf” ordeninə layiq görülmüşdür. Bu istiqamətin özü isə monoqrafiyanın ümumtürk ədəbi bağları baxımından dəyərini daha da artırır.
Əsərin dili, ümumi intonasiyası və tədqiqat enerjisi də ayrıca vurğulanmalıdır. Müəllif materiala quru akademik məsafədən yanaşmır; o, mövzuya sevgi, maraq, iç təması ilə daxil olur. Bu isə nəinki monoqrafiyanın elmi sanbalını azaldır, əksinə, ona canlılıq, nəfəs, düşüncə hərəkəti gətirir. Burada həm faktoloji zənginlik, həm nəzəri ümumiləşdirmə, həm də müəllifin predmetə mənəvi bağlılığını görürük. Belə bir yanaşma özəlliklə Oljas Süleymenov kimi poetik-fəlsəfi düşüncə miqyaslı şəxsiyyətin yaradıcılığının bir küll halında araşdırılmasında özünü doğruldur.
Heç şübhəsiz ki, bu tipli genişmiqyaslı araşdımalarda mübahisə doğura biləcək məqamlar, gələcəkdə daha da genişləndirilə biləcək istiqamətlərə etiyac həmişə vardır; lakin əsərin əsas elmi çəkisini müəyyən edən cəhət ondadır ki, müəllif Oljas Süleymenov yaradıcılığını epizodik müşahidələr səviyyəsindən çıxarmağı, konseptual tədqiqat predmetinə çevirməyi bacarmışdır. Bu monoqrafiya bir sənətkarın timsalında bir düşüncə mərhələsinin öyrənilməsinə xidmət edir.
Artıq vurğuladığımız kimi, monoqrafiya müəllifi Oljas Süleymenov fenomenini həm şair kimi, həm də tarixlə dili, miflə elmi, milli yaddaşla bəşəri idrakı birləşdirən nadir təfəkkür hadisəsi kimi təqdim edir. Bu tipli haqlı yanaşma özünü xüsusilə “Az i Ya” əsərinin şərhində daha aydın göstərir.
Bəlli olduğu kimi, “Az i Ya” bir dilçilik və ya ədəbiyyat kitabı olmaqdan daha artıq – türk və slavyan dünyaları arasında qarşılıqlı təsir və sintez modelini ortaya qoyan konseptual əsərdir. Süleymenov bu əsərdə “İqor alayı haqqında dastan” üzərində işləyərək qədim mətnlərdəki türk izlərini üzə çıxarır və tarixin həm də mədəni qovuşma xətti ilə oxunmalı olduğunu göstərir.
Professor Nizami Tağısoy monoqrafiyada bu ideyanı yalnız təsvir etmir, onu geniş elmi kontekstdə – etnogenez, kulturoloji sintez və sivilizasiyaların dialoqu müstəvisində inkişaf etdirir. Bu isə əsərin əsas güc nöqtələrindən biridir.
Monoqrafiyanın ən önəmli yeniliklərindən biri Oljas Süleymenovun tezislərinə Azərbaycan prizmasından baxışın zəruriliyini ortaya qoymasıdır.
Qeyd etdiyimiz kontekstdə özəlliklə vacib olan məqamları sıralamağa çalışaq:
1. Azərbaycan – mədəni kəsişmə məkanı kimi.
Azərbaycan tarixən türk və slavyan dünyalarının mədəni sintez nöqtəsi olmuşdur.
Əlbəttə, bu, coğrafi, siyasi əlaqələr olmaqla yanaşı, həm də dil qatları, ədəbi motivlər, musiqi və estetik sistemlər səviyyəsində özünü göstərmişdir.
1. “Az i Ya”nın genişləndirilməsi zərurəti.
Süleymenov əsasən dil və etnolinqvistika üzərində dayanırsa, Azərbaycan baxışı bu modeli:
kulturoloji, ədəbi, estetik sintez modeli kimi genişləndirir. Bu isə artıq “Az i Ya”nı keçmişdən daha çox gələcəyin inteqrasiya modeli kimi oxumağa imkan verir.
3. Türk dünyası üçün yeni konseptual oxu.
Monoqrafiyada vurğulandığı kimi Sovet dönəmində “Az i Ya” – tarixi ədalətin bərpası idi; bu gün isə – Avrasiya və Türk dünyası inteqrasiyasının nəzəri bazası kimi qəbul etməyi haqq edir. Bu fikir önəmlidir, çünki monoqrafiyanın elmi dəyərini çağdaş kontekstə daşıyır.
Bu fikirlərin işığında demək olar ki, professor Nizami Tağısoyun əsəri Oljas Süleymenovu tarixi şəxsiyyət olmaqdan daha üstün – bir proses kimi təqdim edir. Eyni zamanda, “Az i Ya”nı da kitabdan daha çox, model kimi oxuyur. Həmin modelə görə keçmiş – ortaq yaddaş, bu gün – qarşılıqlı tanıma, gələcək – inteqrasiya platformudur. Və Azərbaycan burada nəinki iştirakçı, həm də kəsişdirici, yönverici mərkəz (ocaq) kimi çıxış edir. Bu, bir xət – bir ulu yoldur – “Az i Ya”dan başlayan, qazax çölündən, ümumən Türküstandan keçib, Qafqazdan, Anadoludan boylanan və nəhayət – “ortaq türk keçmişindən ortaq türk gələcəyinə gedən” ulu yol...
Professor Nizami Tağısoy öz işini bu yolu sadəcə təsvir etməklə bitmiş hesab etmir; onu elmi düşüncə ilə xəritələndirir. Bu baxımdan, əsər türkoloji fikrimiz, kulturoloji təhlilimiz üçün, ən əsası – Türk dünyasının ideya gələcəyi üçün önəmli və sanballı töhfə kimi təqdim edir. Monoqrafiya filoloqlar, türkoloqlar, kulturoloqlar, ədəbi əlaqələr üzrə mütəxəssislər və ümumən Türk dünyasının fikir tarixini izləyən hər bir oxucu üçün faydalı və gərəkli elmi qaynaqdır.
Burada bir məqamı da vurğulayaq. – “Qazax milli təfəkkürünün Oljas Süleymenov mərhələsi” monoqrafiyası professor Nizami Tağısoyun ilk əsəri olmadığı kimi, onun qazax, ümumən Türk dünyası ədəbiyyatı ilə bağlı uzunmüddətli, səmərəli araşdırmalarının uğurlu davamı və inkişafı sayılmalıdır.
Bir sözlə, Oljas Süleymenovun yaradıcılığını bir küll halında çevrələyən bu monoqrafiya yalnız Oljas Süleymenov haqqında olmayıb, bütün Türk dünyasının düşüncə xəritəsi ilə bağlıdır. “Qazax milli təfəkkürünün Oljas Süleymenov mərhələsi” keçmişi izah etməklə birgə, həm də gələcəyi işarələyən tədqiqat işi kimi qəbul edilməyə layiqdir.


MANŞET XƏBƏRLƏRİ