"Nəfəs 360"-Kistoz Fibrozla Mübarizədə Birlik, Dəstək, Ümid Dairəsi" layihəsinin icrasına 1 iyul 2026-cı il tarixindən etibarən rəsmi olaraq başlanılıb.
QHT.az xəbər verir ki, layihə "Kistik Fibroz Xəstələrinə Yardım" İctimai Birliyi tərəfindən hazırlanaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi Kistoz fibroz xəstəliyi barədə cəmiyyətin məlumatlılığını artırmaq, erkən diaqnostikanın əhəmiyyətini təbliğ etmək, pasiyentlərin və onların ailələrinin hüquqlarının müdafiəsinə dəstək vermək, eləcə də regionlarda yaşayan insanların müasir müalicə və diaqnostik xidmətlər barədə məlumatlandırılmasını təmin etməkdir.
Layihə çərçivəsində Azərbaycanın Ağstafa-Qazax , Cəlilabad, Sumqayıt və Bakı şəhər və rayonlarında silsilə maarifləndirici tədbirlər təşkil olunacaq. Tədbirlərdə səhiyyə işçiləri, ailə həkimləri, tibb bacıları, müəllimlər, sosial işçilər, gənclər, yerli icmaların nümayəndələri, dövlət qurumlarının əməkdaşları, qeyri-hökumət təşkilatları, pasiyentlər və onların ailə üzvləri iştirak edəcəklər.
Təlim və görüşlər zamanı Kistoz fibrozun erkən əlamətləri, diaqnostikası, müasir müalicə yanaşmaları, fizioterapiya, düzgün qidalanma, infeksiyaların qarşısının alınması, psixoloji və sosial dəstək, həmçinin pasiyent hüquqları barədə geniş məlumat veriləcək. İştirakçılar mütəxəssislərlə birbaşa fikir mübadiləsi aparmaq, onları maraqlandıran suallara cavab almaq imkanı da əldə edəcəklər.
Layihənin prioritet istiqamətlərindən biri regionlarda yaşayan kistik fibrozlu şəxslərin keyfiyyətli səhiyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılmasına ictimai diqqətin artırılmasıdır. Bu baxımdan erkən diaqnostika, vaxtında müalicəyə başlanılması, multidissiplinar tibbi xidmətlərin əlçatanlığı və pasiyentlərin sosial müdafiəsi layihənin əsas müzakirə mövzuları olacaq.
"Nəfəs 360"-Kistoz Fibrozla Mübarizədə Birlik, Dəstək,Ümid dairəsi" layihəsi yalnız maarifləndirmə tədbirləri ilə məhdudlaşmır. Layihə çərçivəsində pasiyent və ailələrinin qarşılaşdıqları problemlər öyrəniləcək, onların ehtiyacları qiymətləndiriləcək, aidiyyəti dövlət qurumları, tibb müəssisələri və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində təşəbbüslər irəli sürüləcək.
Layihənin icraçıları hesab edirlər ki, Kistoz fibroz haqqında məlumatlılığın artırılması erkən diaqnostikanın genişlənməsinə, xəstələrin həyat keyfiyyətinin yüksəldilməsinə və cəmiyyətin nadir xəstəliklərə münasibətinin daha həssas və məsuliyyətli formalaşmasına mühüm töhfə verəcək.
Qeyd edək ki, Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi uzun illərdir Azərbaycanda kistoz fibroz xəstələrinin hüquqlarının müdafiəsi, müasir müalicəyə çıxış imkanlarının genişləndirilməsi, erkən diaqnostikanın təşviqi və ictimai maarifləndirmə istiqamətində ardıcıl fəaliyyət göstərir. "Nəfəs 360"- Kistik Fibrozla Mübarizədə Birlik, Dəstək, Ümid Dairəsi" layihəsi də bu fəaliyyətlərin davamı olaraq ölkədə Kistoz fibroz sahəsində bilik və məlumatlılığın artırılmasına, pasiyentlərin daha keyfiyyətli həyata çıxış imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin rəhbəri və layihə rəhbəri Səadət Bayramova