“2025-ci ildə yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə olunan büdcədənkənar gəlirlər 277,7 milyon manat olub. Bu, cərimə və sanksiyalardan gəlirin 81,7%-i deməkdir. Əgər cərimələr ildən-ilə çoxalırsa, ya yol təhlükəsizliyi yaxşılaşmır, ya da cərimə sistemi daha çox fiskal xarakter daşıyır”.
Bu fikirləri iqtisadçı Asif İbrahimov KONKRET.az-a açıqlamasında səsləndirib.
O bildirib ki, Almaniyada məqsəd cərimə ilə büdcəni doldurmaq deyil, insanların davranışını dəyişmək və təhlükəsizliyi artırmaqdır:
“Azərbaycanda isə cərimə gəlirlərinin artması ilə cəmiyyətdə sual yaranır: təhlükəsizlik prioritetdir, yoxsa gəlir? Həmçinin çox sürücünün müşahidəsinə görə, işlək radarların sayı yol işıqlandırma dirəklərindən çox olur.
Əgər həqiqətən yol təhlükəsizliyi əsasdırsa, yol işıqlandırması və infrastruktura diqqət yetirilməlidir.
Cərimə isə bu tədbirlərin tamamlayıcı vasitəsi olmalı, onları əvəz etməməlidir. Bəs ilin sonunda toplanan vəsait ilə yol infrastrukturunun inkişafı arasında əlaqə varmı? Şübhəsiz ki, yox! Hüquqi dövlətin əsas prinsipi odur ki, cərimə büdcə gəlirlərinə çevrilməməlidir. Əsas məqsəd qəzaların və itkilərin azalması olmalıdır. İnsan həyatının dəyəri heç vaxt büdcə ilə müqayisə edilə bilməz. Dövlət vəzifəsi daha çox cərimə yazmaq deyil, təhlükəsiz və keyfiyyətli yol sistemi qurmaqdır”, – deyə mütəxəssis vurğulayıb.