ABŞ Prezidenti Donald Tramp administrasiyası Suriyanın "Terrorizmin Dövlət Sponsorları" siyahısından çıxarılması niyyəti ilə bağlı Konqresi rəsmi şəkildə məlumatlandırıb.
Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı yazılı bəyanatda bildirilir ki, Prezident Tramp Konqresə administrasiyanın Suriyanın "Terrorizmin Dövlət Sponsorları" siyahısından çıxarılmasını nəzərdə tutan qərarı barədə rəsmi bildiriş göndərib.
Bəyanata əsasən, bu addım Prezident Trampın Suriya xalqına ölkəni yenidən qurmaq imkanı yaratmaq məqsədilə həyata keçirdiyi növbəti tarixi təşəbbüsdür. Qeyd olunur ki, qanunvericiliyə uyğun olaraq Konqres üçün nəzərdə tutulan 45 günlük əvvəlcədən məlumatlandırma prosesi artıq başlayıb. Bu qərarın Tramp administrasiyasının Suriya ilə münasibətlərin normallaşdırılması siyasətində yeni mərhələ olduğu vurğulanıb.
Dövlət Departamenti bildirib ki, qərar Suriyaya qarşı tətbiq olunan sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasına dəstək verəcək, beynəlxalq ticarət və investisiyalar üçün yeni imkanlar açacaq, həmçinin ölkənin bərpası və yenidən qurulması prosesinə töhfə verəcək.
Bəyanatda sonda qeyd olunub: "Özü və qonşuları ilə sülh şəraitində yaşayan sabit və vahid Suriya təkcə regionun deyil, bütün dünyanın maraqlarına xidmət edəcək".
Aytən Yaşar/ Turkustan.az