Ankarada keçirilən NATO Liderlər Sammitinin yekununda "Ankara Bəyannaməsi" qəbul edilib.
Turkustan.az NATO-nunn saytına istinadla altı bənddən ibarət sənədin mətnini təqdim edir:
1. Biz, Şimali Atlantika Alyansının Dövlət və Hökumət Başçıları, Vaşinqton Müqaviləsinin 5-ci maddəsinə uyğun olaraq kollektiv müdafiəmizə və transatlantik bağlara sarsılmaz sadiqliyimizi bir daha təsdiq etmək üçün Ankarada toplaşdıq. Birimizə edilən hücum, hamımıza edilmiş hücumdur. Birliyimiz, həmrəyliyimiz və kollektiv gücümüz azad və demokratik xalqlardan ibarət Alyansımızın bir milyard vətəndaşı üçün sülhün, təhlükəsizliyin və rifahın təməli olaraq qalır. Biz müdafiə və çəkindirmə sahəsində 360 dərəcəlik yanaşmamıza sadiq qalırıq.
2. Rusiyanın Avro-Atlantik təhlükəsizliyə və sabitliyə yaratdığı uzunmüddətli təhdidə, həmçinin daimi terrorizm təhlükəsinə qarşı mübarizə aparmaq üçün Müttəfiqlər Haaqa müdafiə öhdəliyini yerinə yetirirlər. 2025-ci ildə avropalı müttəfiqlər və Kanada əsas müdafiə tələblərinə qoyulan investisiyaları 139 milyard dollardan çox artırıblar. İnvestisiyalarımız sənaye bazamızı və dözümlülüyümüzü gücləndirməklə yanaşı, ehtiyac duyduğumuz imkanları da təmin edir.
Bu gün Ankarada biz 50 milyard dollardan çox yeni satınalmaları elan edir və kollektiv istehsal gücünü genişləndirməyə, eləcə də innovasiyaları sürətləndirmək üçün sənaye ilə birgə işləməyə söz veririk. Biz Müttəfiqlər arasında müdafiə sahəsində ticarət maneələrini aradan qaldırmaq və müdafiə sənayesinin dərinliyini və əməkdaşlığını maksimum dərəcəyə çatdırmaq üçün NATO-nun tərəfdaşlıq imkanlarından yararlanmaq istiqamətində işimizi davam etdirəcəyik.
3. Biz gələcəyi qururuq: daha güclü NATO-da daha güclü Avropa – müasirləşdirilmiş Alyans. Avropalı müttəfiqlər və Kanada, Amerika Birləşmiş Ştatları ilə birlikdə Alyansın müdafiəsi üçün daha böyük məsuliyyət daşıyırlar. NATO-nun çəkindirmə və müdafiəsi kosmos və kiber aktivlərlə tamamlanan nüvə, konvensional (ənənəvi) və raket əleyhinə müdafiə imkanlarının müvafiq vəhdətinə əsaslanır. Biz döyüş üstünlüyümüzü qoruyub saxlamağa sadiqik.
Silahlı qüvvələrimizi yerləşdirmək, aktivləşdirmək və təmin etmək, həmçinin bütün domenlərdə – o cümlədən dərindən dəqiq zərbələr, inteqrasiya olunmuş hava və raket müdafiəsi, pilotsuz sistemlər, qabaqcıl texnologiyalar və kəşfiyyat imkanları sahəsində hədəflərimizə nail olmaq üçün investisiya yatırırıq. Biz qarşılıqlı fəaliyyət göstərə bilən transatlantik döyüş bulud sistemi (warfighting cloud) hazırlayır və güclü Süni İntellekt (AI) modellərini tətbiq edirik.
4. Ukrayna transatlantik təhlükəsizliyə töhfə verir və Müttəfiqlər Ukraynanın öz azadlığını, suverenliyini və ərazi bütövlüyünü müdafiə etməsində sarsılmaz dəstəklərində birmənalı olaraq həmrəydirlər. Avropalı müttəfiqlər və Kanada hazırda Ukraynaya təhlükəsizlik yardımının böyük hissəsini ikitərəfli və çoxtərəfli vasitələrlə maliyyələşdirirlər.
Müttəfiqlər vurğulayırlar ki, bu dəstək uzunmüddətli perspektivdə ədalətli, proqnozlaşdırıla bilən və davamlı olmalıdır. 2026-cı il üçün Müttəfiqlər Ukraynaya hərbi texnika, yardım və təlim üçün 70 milyard avro ayırmağı öhdələrinə götürür və 2027-ci ildə də ən azı buna bərabər səviyyəni qoruyub saxlayacaqlarına dair suveren öhdəliklərini təsdiq edirlər. Bu məqsədlə biz Avropa İttifaqının Ukraynaya Dəstək Krediti vasitəsilə çoxillik maliyyə vəsaiti ayırmaq qərarını alqışlayırıq.
5. Alyans daha geniş təhlükəsizlik mühitimizi xarakterizə edən strateji rəqabətə, geniş yayılmış qeyri-sabitliyə, hibrid təhdidlərə və təkrarlanan şoklara cavab verməyə və uyğunlaşmağa davam edir. Müttəfiqlər İranın heç vaxt nüvə silahına sahib olmamalı olduğunu bir daha bəyan edir və İranı Hörmüz boğazında naviqasiya (gəmiçilik) azadlığına tam hörmət etməyə çağırırlar.
6. Türkiyəyə bizə göstərdiyi xoş qonaqpərvərliyə görə təşəkkürümüzü bildiririk. Növbəti görüşümüzü səbirsizliklə gözləyirik./bizimmedia