NATO liderləri üçün iki xüsusi jest! Biri Ərdoğanın şəxsi hədiyyəsidir


Ankarada keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı təkcə qəbul edilən qərarlarla deyil, diplomatik jestləri ilə də diqqət çəkib.

Turkustan.az xəbər verir ki, Türkiyə sammitdə iştirak edən 32 ölkənin dövlət və hökumət başçıları üçün xüsusi hədiyyələr hazırlayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan zirvədə iştirak edən hər bir liderə şəxsi hədiyyə olaraq "Cəsarət Siyasəti: Ərdoğan və Türkiyənin Yüksəlişi" adlı kitabı təqdim edib.

İngilis dilində nəşr olunan kitabda Türkiyənin yaxın tarixi, ölkənin siyasi transformasiyası və mühüm qərar qəbuletmə proseslərindən bəhs olunur. Kitabın hər nüsxəsinə Prezident Ərdoğanın imzaladığı xüsusi məktub da əlavə edilib.

Məktubunda Ərdoğan bildirib ki, tarix təkcə yaşanmış hadisələrin toplusu deyil, həm də mühüm qərarların, əzmli səylərin və gələcəyi formalaşdıran baxışların nəticəsidir. O qeyd edib ki, kitab şəxsi hekayədən daha çox, Türkiyə xalqı ilə birlikdə qurulan hədəflərin, həyata keçirilən layihələrin və gələcək nəsillərə qoyulan mirasın ifadəsidir.

Diplomatik hədiyyələr bununla da yekunlaşmayıb. Şimali Atlantika Şurasının iclası başlamazdan əvvəl liderlərin masalarına adları və vəzifələri qeyd olunmuş xüsusi hazırlanmış qələm və dəftərlər yerləşdirilib.

Sammitdən əvvəl kameralara əks olunan görüntülərə əsasən, liderlər üçün fərdiləşdirilmiş hədiyyələr hazırlanıb:

ABŞ Prezidenti Donald Tramp üçün üzərində adı həkk olunmuş qırmızı qələm və "Ağ Ev" yazılı qara qələm təqdim edilib.

Almaniya Kansleri Fridrix Merts üçün adı yazılmış yaşıl qələm və qəhvəyi üzlü dəftər hazırlanıb.

Fransa Prezidenti Emmanuel Makron üçün adına həkk olunmuş qırmızı qələm və boz rəngli dizayna malik dəftər qoyulub.

İspaniyanın Baş naziri Pedro Sançes isə adına uyğun hazırlanmış qırmızı qələm və xüsusi dizaynlı qara dəftərlə qarşılanıb.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ